Xarici KİV-in məlumatına görə, Türkiyənin Avropa işləri üzrə naziri Volkan Bozqır bəyan edib ki, ölkəsində terror davam edir, bombalar partlayır. Odur ki, indiki məqamda terrorla mübarizə istiqamətindəki qanunlara heç bir dəyişiklik edilməyəcək.
Türkiyə Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılması üçün bütün şərtləri yerinə yetirib. «TRT» telekanalı xəbər verir ki, belə bəyanatla bu gün Strasburqda Türkiyənin Aİ ilə işlər naziri Volkan Bozqır çıxış edib.
«Həmin 72 kriteriya, onların yerinə yetirilməsi siyasi baxımdan qiymətləndirilməlidir. Biz də siyasi nöqteyi-nəzərdən hesab edirik ki, bütün 72 şərti yerinə yetirmişik» - deyə, Volkan Bozqır bəyan edib.
Aİ şərtlərindən bəhs edərkən, Bozqır deyib: «İndiki məqamda bu, mümkün deyil. Biz terrorla mübarizə aparırıq. Ölkəmizin Cənub-Şərqində terror aktları və bomba partlayışları davam edir. Odur ki, indi biz terrorla mübarizə sahəsindəki qanunlara dəyişiklik edə bilmərik və etməyəcəyik».
Çərşənbə günü avropalı hökumətlər Türkiyə ilə viza rejiminin liberallaşdırılması məsələlərini müzakirə ediblər. Müzakirə zamanı vətəndaşlıq, daxili işlər və miqrasiya üzrə avrokomissar Dimitrias Avramopulos deyib: «Türkiyə hələ qarşıda xeyli ciddi işlər görməlidir (şərtlərin yerinə yetirilməsi istiqamətində - red.)». Faktiki olaraq, vizanın götürülməsi məsələsi cari ilin oktyabrını qədər təxirə salınıb.
AzPolitika.info


Şərhlər