Son vaxtlar tütün və tütün məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da ölkəyə idxal olunan tütün və tütün məmulatlarının dəyərinin artdığını bildirib. Ekspert qeyd edib ki, bu rəqəm keçən ilin yanvar-fevral aylarında 41.8 milyon dollar təşkil etdiyi halda, bu ilin ilk iki ayı ərzində 36 faiz artaraq, 56.9 milyon dollar olub: “Bu göstərici tütün və tütün məmulatlarına olan təlabatın, eyni zamanda, əhalinin sağlamlığına çox ciddi təhlükənin artdığını deməyə əsas verir”.
Ekspert azadlıq.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycanda tütünə olan tələb təxminən 50 faizə qədər daxili istehsal hesabına ödənilir. Ölkədə tütün istifadəçilərinin sayı artdığı üçün tələbat da artır və bundan sui-istifadə hallarına yol verilir: “Son illər dünya bazarında tütün məhsullarının qiyməti artıb. Azərbaycanda isə bunu indi həyata keçirirlər. Bəlli olduğu kimi, dövlət büdcəsi 1,7 milyard manat kəsirlə qəbul olunub və bunu aradan qaldırmaq üçün hökumət cürbəcür vasitələr axtarır. Dünya bazarında yaranmış vəziyyət və Azərbaycanda tütün istifadəçilərinin sayının artması, bu sahənin idxaldan asılı vəziyyətdə olması qiyməti artırıb. Məlum olduğu kimi, Azərbaycanda tütün sektoru inhisardadır və onlar da yaranmış vəziyyətdən bəhrələnmək fikrinə düşüblər. Bu sahənin inhisarda olması, tütün və spirtli içkilərə tətbiq olunan aksizin qiymətinin artması da məsələyə təsir edib”


Şərhlər