Baş Prokurorluq: Astarada baş verən yol qəzası ilə bağlı iki maddə üzrə cinayət işi başlanıb
"Yük avtomobilinin hadisə yerindən qaçan sürücüsünün tutulması istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir"
Baş Prokurorluq Ələt-Astara magistralında baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı fakta görə Astara rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını poza, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
E. Sultanov həmçinin qeyd edib ki, qəza nəticəsində 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Hadisə yerindən qaçan yük avtomobilinin sürücüsünün şəxsiyyətinin müəyyənləşdirilərək tutulması istiqamətində təxirəsalınmaz istintaq əməliyyat tədbirləri davam etdirilir.
***
Ələt-Astara magistralında baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi bəlli olub.
APA-nın cənub bürosunun xəbərinə görə, Əliyev Qabil Adil oğlunun idarə etdiyi “Ford” markalı, 90 MJ - 647 dövlət nömrə nişanlı mikroavtobusla sürücüsü məlum olmayan 90- JF-588 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşınının toqquşması nəticəsində Astara rayonu Ərçivan kənd sakinləri - 1970-ci il təvəllüdlü Yeganə Quliyeva, 1981-ci il təvəllüdlü Ramin Quliyevin öldüyü açıqlanıb.
Qəza zamanı xəsarət alanlar isə Ərçivan kənd sakinləri - 1992-ci il təvəllüdlü Turan Əsədli, 1992-ci il təvəllüdlü Elnarə Quliyeva, Şiyəkaran kənd sakini 1959-cu il təvəllüdlü Nəzmiyyə Əliyeva, Çayoba kənd sakini 1957-ci il təvəllüd Məhərrəm Əliyev, 2003-cü il təvəllüdlü Maral Fərhadova, Qəcimarda kənd sakini Xudaşirin adlı şəxsdir.
Maral Fərhadova və Məhərrəm Əliyevin vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
* * *
Astarda qəzaya düşən mikroavtobusda yaralananlardan 5 nəfərinin adı məlum olub. "Report"un məlumatına görə, bunlar Turan Əsədli, Xudaşirin Əsədli, Elnarə Quliyeva, Nəzmiyyə Əliyeva və Məhərrəm Əliyevdir.
* * *
Astarada qəzaya düşən sərnişin mikroavtobusunda 15 nəfər sərnişin olub. "Report"un məlumatına görə, Lənkəran-Astara mərşurut xətti üzrə sərnişindaşınma fəaliyyəti ilə məşğul olan Qabil Adil oğlu Əliyevin idarə etdiyi 90 MJ 647 dövlət qeydiyyat nömrə nişanlı "Ford" markalı mikroavtobus "Ray"construction şirkətinə məxsus 90 JS 588 dövlət qeydiyyat nömrə nişanlı "Shacman" markalı yük maşını ilə toqquşub. Nəticədə üç nəfər ölüb, 7 nəfər yaralanıb.
* * *
Ələt-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb.
“Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər.


Şərhlər