Menu

Bakıda gənc oğlan polis bölməsinə sağ gəlib, ölü çıxdı

13.05.2016, 12:24
Bakıda gənc oğlan polis bölməsinə sağ gəlib, ölü çıxdı

Mağazasında bir müddət əvvəl oğurluq edilən şəxs polis bölməsinə dəvət edilib, az sonra oradan meyidi çixib. Mərhumun ailəsi iddia edir ki, ona bölmədə zor tətbiq edilib. ANS TV-in məlumatına görə, paytaxtda polis orqanında ölüm faktı qeydə alinib. Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan 29 yaşlı Sultanov Zaur Səxavət oğlu 1-ci polis bölməsinə dəvət olunub. Şəxsi maşını ilə polis orqanına gələn Zaurun bir neçə dəqiqə sonra öldüyü barədə yaxınlarına məlumat verilib. Mərhumun ailə üzvlərinin sözlərinə görə, Zaur Sultanovun ürəyində qüsur olub.

Onun bölməyə çağırılmasına səbəb isə, bir müddət öncə mərhumun mağazasından oğurluq edilməsi olub. Ehtimal edilir ki, bu məqsədlə də o, 1-ci bölməyə dəvət olunub. Ailənin iddiasina görə, Zaur bölmə əməkdaşlarının zor tətbiq etməsi nəticəsində dünyasını dəyişib. Bölmədən çıxarılanda Zaurun ağzı-burnunun qan içində olduğunu görüblər.

Məsələ ilə bağlı 1-ci polis bölməsindən məlumat əldə etmək cəhdi boşa çıxıb.

DİN Bakıda polis bölməsində baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb. Nazirliyin saytında veriləm məlumata görə, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib. Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunan qəsəbə sakini Zaur Sultanov Polis Bölməsinin həyətindəki oturacaqda infarktdan ölüb.

Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkməsini bildirib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxşar hadisə sonuncu dəfə ötən ilin avqust ayında Mingəçevirdə olub. Şəhər polis idarəsinə çağırılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun bir müddətdən sonra ölüm xəbəri gəlib.

Bəhruz Hacıyev atası Dilsuz Hacıyevin ANS PRESS-ə verdiyi məlumata görə, onun oğlu polis idarəsinə dindirilmək məqsədi ilə aparılıb.Polislər B.Hacıyevin nə məqsədlə dindirilməsinin səbəbini açıqlamayıblar. D.Hacıyevin sözlərinə görə, oğlu polis idarəsinə aparılandan təxminən 20 dəqiqə sonra ölüb.

"Polislər deyirlər ki, oğlum özünü 3-cü mərtəbədən aşağı atıb. Amma bu mənə inandırıcı gəlmir", - deyə D.Hacıyev bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol