Hikmət Hacızadə: «Rusiyanın Qarabağ planı və regionda gərginliyin artırılması hazırkı məqamda təsadüfi xarakter daşımır»
Moskva çalışır ki, Azərbaycan onun siyasi-hərbi orbitindən uzaqlaşmasın və imkan düşərsə, Avrasiya layihələrinə qoşulsun...
Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin gələn həftə mayın 17-də Bakıya səfər edəcək. Bu haqda “İnterfaks-Azərbaycan” məlumatlı mənbəyə istinadən bildirir. “Rusiya baş nazirinin müavini Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinin may ayının sonlarında Bakıya gözlənilən səfərinə dair hazırlıq işləri müzakirə olunacaq”- mənbə bildirib.
Gözlənilir ki, Roqozin Bakıda Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti də müzakirə edəcək. Xatırladaq ki, onun səfəri Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında Minsk Qrupu həmsədri olan ölkələrin xarici işlər nazirlərinin vasitəçiliyi altında keçiriləcək danışıqların ertəsi gününə təsadüf edəcək.
Bu artıq Roqozinin qısa müddət ərzində Azərbaycana 3-cü səfəridir. Roqozinin səfərlərinin bir qayda olaraq silah alqı-satqısıyla bağlı olduğu məlumdur. Digər tərəfdən bu səfər region üçün həsas məqama təsadüf edir.
Xatırladaq ki, bir neçə ay əvvəl xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, Rusiya Azərbaycana keyfiyyətsiz silah satır. Və satılan silahlar Azərbaycanın ödədiyi vəsaitə müvafiq deyil.
Politoloq Hikmət Hacızadə də azadlıq. info- ya bildirdi ki, Roqozinin Azərbaycana səfərinin məqsədi ölkəmizlə silah satışı iəl bağlı məqamlara aydınlıq gətirsin. Ümumiyyətlə Kremlin hazırkı təşəbbüsünün Azərbaycanı tam şəkildə təsir dairəsinə salmaq olduğunu deyən H.Hacızadə vurğuladı ki, bu istiqamətdə Qarabağ münaqişəsindən yararlanmağa cəhd edilir: “Roqozin silah satışına baxır. Kreml bu məsələni ona tapşırıb. Putin Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmağa çalışır. Rusiyanın Qarabağ planı və regionda gərginliyin artırılması hazırkı məqamda təsadüfi xarakter daşımır”.
Xatırladaq ki, D.Roqozin eyni zamanda Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədridir, V.Putinin səlahiyyətli şəxslərindən və sözçülərindən hesab olunur. Sonuncu dəfə o, mart ayında Bakıya qəfil səfər eləmiş, Rusiyanın Azərbaycana silah satışına dair müqavilələrin yerinə yetirilməsində yaranmış problemlə bağlı danışıqlar aparmışdı.
Ondan az sonra, Putinin də diqqətində olan problem aradan qaldırılmışdı. Mötəbər mənbələr musavat.com-a bildirir ki, Azərbaycan Rusiyadan növbəti iri partiya silah və hərbi texnika sifariş verməyə hazırlaşır və çox güman ki, Roqozinin növbəti səfərində bu məsələ detallı müzakirə olunacaq.
Onu da yada salaq ki, aprelin əvvəllərində Qarabağda gedən hərbi əməliyyatlar zamanı Ermənistanın Rusiyanın Azərbaycana silah satmasına etirazlarına cavab olaraq Roqozin erməni tərəfinə sərt reaksiya vermiş, hətta erməniləri aşağılamışdı. Roqozin demişdi ki, belə bəyanatlar demaqogiyadır və Bakıya silah satışı davam edəcək. “Əgər Rusiya Azərbaycana silah satmasa, onun yerini dərhal NATO ölkələri tutacaq” - o, vurğulamışdı.
Roqozinin xüsusən də 4 günlük müharibədən sonra bu kimi açıqlamalar verməsi Ermənistanda güclü qıcıq doğurmuş, hətta işğalçı ölkədə o, faktiki, “persona non qrata” elan edilmişdi. Halbuki, Roqozin həmin bəyanatları Putinin adından verirdi. Ayrı sözlə desək, ermənilər bununla əslində Rusiya prezidentinə təpki göstərmişdilər.
Putin indi ermənilərin 1 nömrəli düşmənini təzədən Bakıya yollayır - eyni məsələ ilə bağlı, silah ticarətini genişləndirmək üçün. Həm də elə bir dönəmdə ki, Moskva İrəvana ötən il silah almaq üçün ayırdığı 200 milyon dollarlıq kreditin verilməsini uzatmaqdadır. Şübhə yox ki, bütün bunlar Ermənistanı bir az da qəzəbləndirmiş olacaq.
Söz düşmüşkən, srağagün Rusiya XİN rəsmisi Mariya Zaxarova Moskvada keçirdiyi ənənəvi brifinqdə Bakıya silah satmaqla bağlı sual verən erməni jurnalisti məyus edib. Zaxarova deyib ki, “Rusiyanın Azərbaycana silah satmasında hər hansı nüanslar axtarmaq lazım deyil. Rusiya digər ölkələrlə hərbi-texniki əməkdaşlığını aydın beynəlxalq hüquqi əsaslarda aparır”. Yəni erməni tərəfinin narazılığı və narahatlığı Moskvada ciddiyə alınmayacaq. Niyə?
Belə güman eləmək olar ki, Güney Qafqazın açar ölkəsi kimi, Azərbaycan Rusiya üçün hazırda təkcə etibarlı silah alıcısı kimi yox, həmçinin, başqa aspektlərdən qat-qat böyük önəm daşıyır. Söhbət yuxarıda vurğulandığı kimi, Qərbin, NATO-nun xeyrinə rəsmi Bakının strateji seçim edə biləcəyindən dolayı əndişədən gedir. Yəni bölgədə mübarizə əslində Azərbaycan uğrundadır. Moskva hər vəchlə çalışır ki, Azərbaycan onun siyasi-hərbi orbitindən uzaqlaşmasın və imkan düşərsə, Avrasiya layihələrinə qoşulsun...
Şərhlər