Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğanla nişanlısı Səlcuq Bayraqdar artıq toy mərasiminin keçiriləcəyi Yəhya Kamal Bəyatlı Mərkəzinə təşrif buyurublar.
Nikahın bağlanacağı ərazidəki bütün yollar dünən axşamdan bağlanılıb, polis çox güclü təhlükəsizlik tədbirləri görüb. Vətəndaşların hətta mərasimə dəvət olunanları görmələrinin belə qarşısı alınıb. Nikah mərasiminin keçiriləcəyi mərkəzə gələn yolların kənarına çəkilən baryerlərin üzərindən səhər saatlarında görünməyən örtük də çəkilib. Ərazidə olan bütün avtomobillər ciddi yoxlanılır. Mərasimin keçiriləcəyi mərkəzin qarşısında 6 min dəvətli üçün giriş çadırı qurulub.
Artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan, baş nazir Əhməd Davudoğlu, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər nazirlər Sümeyyə Ərdoğanla Səlcuq Bayraqdarın nikah mərasiminin keçiriləcəyi Yəhya Kamal Bəyatlı Mərkəzinə gəliblər.
R. T. Ərdoğan və ailəsi, eləcə də Əhməd Davudoğlu mərasimə helikopterlə gəliblər. Mərasim keçirilən mərkəzə yaxın bütün binaların üzərində kəskin nişançılar var. Ərazidə təhlükəsizlik yüksək səviyyədə qorunur.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, nikah mərasimi “Quran” tilavətiylə başlayıb. Cütlüyün nikah şahidləri arasında baş nazir Əhməd Davudoğlu, Türkiyənin 11-ci prezidenti Abdullah Gül də olub. Nikah haqda sənədi Süməyyəyə Abdullah Gül təqdim edib.
Daha sonra qonaqlar Süməyyə Ərdoğan və Səlcuk Bayraktarın şəkillərindən ibarət slayd-şounu izləyib. Mərasimdə prezident Ərdoğanın Abdullah Gül və Əhməd Davudoğlu ilə qucaqlaşması alqışlarla qarşılanıb.
Qeyd edək ki, prezident və ailəsi mərasimə helikopterlə gəlib. Süməyyənin toyu üçün Türkiyənin əsas yolları bağlanıb və ciddi təhlükəsizlik tədbirləri görülüb.





Şərhlər