Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər Hafta.az-a açıqlamasında qurultaya hazırlıq işləri haqda danışıb.
S.Əkbər bildirib ki, martın 30-da qurultayın vaxtı barədə qərar veriləcək: “Bizim hazırlıq işlərimiz nəzərdə tutduğumuz plan üzrə davam edir. Təşkilat komitəsinin növbəti iclası martın 30-da keçiriləcək. Gördüyümüz işlərə ilkin yekun vurub qurultayın vaxtını müəyyənləşdirməyə çalışacağıq. Görülən işlər buna imkan verirsə, biz qurultayın vaxtını müəyyənləşdirmək istəyirik. Nizamnamə üzrə geniş proqram hazırlanıb. Bunun müzakirəsi çox zamanımızı aparır. Ayrı-ayrı sahələr üzrə mütəxəssislərlə məsləhətləşirik. Artıq 20-dən artıq rayonda konfrans keçirmişik. Çalışırıq rayon təşkilatlarının 50-də konfrans keçirdikdən sonra qurultay olsun”.
Sülhəddin Əkbər partiya strukturları və sədrliyə namizədliyi haqda danışıb: “Yeni partiyada hansı strukturların səsvermə yolu ilə formalaşacağını indidən deyə bilmərəm. Qurultayda nizamnamə qəbul edildikdən sonra bunları açıqlayacağıq. Çünki ola bilər hazırkı layihəyə dəyişiklik edilsin. Mən sədrliyə namizədliyim barədə hələ ki, qərar verməmişəm. Qurultay öncəsi məsləhətləşmə aparıb qərar verəcəyik. Hazırda təşkilati işlərə baş qarışdığı üçün rəhbər orqanlara kimlərinsə iddialı olması müzakirə olunmayıb. Qurultayı mayın sonunda keçirməyi nəzərdə tuturuq. Çatdıra bilməsək ən geci iyun ayında qurultay baş tutacaq”.
TK sədri Milli Şura haqda da danışıb: “Mənim indiki fəaliyyətim partiyanın quruculuğu il bağlıdır. Milli Şurada da fəaliyyətimi sıravi üzv kimi davam etdirirəm”.


Şərhlər