Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Vahid Əhmədov və Əli Məsimlinin dollar kreditlərilə bağlı birgə hazırladıqları təkliflər paketinə müvafiq qurumlarda baxılır. Bu haqda modern.az saytına deputat Vahid Əhmədov məlumat verib.
İqtisadçı aiddiyyatı qurumlardan cavab gözlədiklərini qeyd edib:
“Hazırda hökumət, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasında məsələyə baxılır. Güman edilir ki, banklara yardım məqsədilə müəyyən addımlar atılacaq. Son nəticə barədə hələ ki məlumat yoxdur. Biz də cavab gözləyirik”.
Qeyd edək ki, təkliflər paketi banklar tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərlə bağlı yaranmış problemin həll olunması məqsədilə hazırlanıb. Burada kredit borcu 5000 (beş min) dollara qədər olan vətəndaşlara ciddi güzəştlərin edilməsi və həmin səviyyədə olan borcların 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində ödənilməsi, Azərbaycanda xarici valyutada kreditlərin verilməsinin qadağan edilməsi və s. məsələlər əks olunub.


Şərhlər