“Biz, YAP-ın Gənclər Birliyinin təşkilat komitəsinin yaradılması işinə o vaxt BDU-nun Mexanika-riyaziyyat fakültəsinin tələbəsi olan Sadiq Qurbanovla birlikdə başlamışdıq"
1992-ci il 12 aprel tarixində Azərbaycan parlamentinin önündə Heydər Əliyevin tərəfdarlarının keçirdiyi mitinqdən videokadrlar böyük marağa səbəb olub. Bu günlərdə internetə düşən bu videoda təxminən 60-70 nəfər insanın Heydər Əliyevin müdafiəsi məqsədilə aksiya keçirdiyi, prezidentliyə namizədliklə bağlı yaş senzinin ləğvinin tələb olunduğu görünür. Aksiyanın önündə isə hazırki Bakı meri Hacıbala Abutalıbov dayanıb. O, müsahibə verərək, prezident seçkilərində iştirakla bağlı tətbiq olunmuş yaş senzinin antidemokratikliyini sübut etməyə çalışır.
Yeni Azərbaycan tarixindən bu kiçik epizod sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Bir çoxlarının fikrincə, bu videonun indi meydana çıxması təsadüfi deyil və H.Abutalıbovun piarına hesablanıb. Məqsəd onun 90-cı illərin əvvəllərində Azərbaycanda Heydər Əliyev tərəfdarlarının başlatdığı müdafiə kampaniyasının, o cümlədən Ali Sovetin qarşısında keçirilən aksiyaların əsas təşkilatçılarından biri olduğunu xatırlatmaqdır...
Həmin hadisələrin fəal iştirakçılarından biri olan tanınmış hüquq müdafiəçisi Səməd Vəkilov Axar.az-a açıqlamasında aksiyada iştirak etdiyini və o dövrü yaxşı xatırladığını bildirib:
“Videodan da göründüyü kimi, həmin vaxt biz Konstitusiyaya qərəzli olaraq, Heydər Əliyevin prezidentliyə namizədliyinin qarşısını almaq üçün salınan yaş senzi ilə bağlı maddəyə etiraz üçün ora yığışmışdıq. 12 aprel 1992-ci il tarixli mitinq bizim ilk aksiyamız idi. Tələbə idim, 17 yaşım vardı və bu aksiyaya bir çox əqidədaşım olan gənclə qoşulmuşduq”.
Səməd Vəkilov mitinqin hazırkı Bakı meri Hacıbala Abutalıbov tərəfindən təşkil edilmədiyini də diqqətə çatdırıb: “Mitinqi Hacıbala Abutalıbov deyil, Əlincə Xeyriyyə Cəmiyyəti təşkil etmişdi. Biz gənclər ora BDU-nin Mexanika-riyaziyyat fakültəsinin tələbəsi Sadiq Qurbanovun təşəbbüsü və təşkilatçılığı ilə qatılmışdıq. Sadiq Qurbanov sonradan Yeni Azərbaycan Partiyası yaradılanda Gənclər Təşkilatının ilk sədri oldu”.
Qeyd edək ki, YAP-ın yaradılmasında fəal iştirak edən şəxslərdən biri də əməkdaşımızla söhbətində 1992-ci ilin əvvəllərində Bakıda Ali Sovetin qarşısında Heydər Əliyevin müdafiəsi məqsədilə keçirilən aksiyaların təşkilində bir qrup BDU tələbəsinin fəallıq göstərdiklərini deyib. Bu gənclərin sırasında Sadiq Qurbanov və Azər Ələkbərov xüsusi fəallıqları ilə seçiliblər. S.Qurbanov (Sonralar BDU-da müəllim, YAP-ın mərkəzi aparatında şöbə müdirinin müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifələrində işləyib. Hazırda SOCAR-da çalışır) YAP Gənclət Təşkilatı Təşəbbüs Qrupunun ilk, A.Ələkbərov isə ikinci sədri olublar.
Sonralar Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini tutmuş Azər Ələkbərov “AzPolitika”ya qısa açıqlamasında həmin günləri xatırlayıb.
“Biz, YAP-ın Gənclər Birliyinin təşkilat komitəsinin yaradılması işinə o vaxt BDU-nun Mexanika-riyaziyyat fakültəsinin tələbəsi olan Sadiq Qurbanovla birlikdə başlamışdıq. Təxminən 1 il bu işi apardıqdan sonra konfrans keçirildi. Konfransda Siyavuş Novruzov sədr, mən və bir neçə başqa şəxs isə müavin seçildim. Ümumiyyətlə isə biz bu fəaliyyətə “Əlincə” cəmiyyətində başlamışdıq. Onda hələ Yeni Azərbaycan Partiyası yaranmamışdı. Barəsində danışdığınız aksiyalar da əsasən “Əlincə” cəmiyyətinin bazasında təşkil olunurdu. O vaxt bu prosesdə Hacıbala Abutalıbov, gənclərdən Sadiq Qurbanov fəal iştirak edirdilər. Biz Heydər Əliyevin müdafiəsi məqsədilə Ali Sovetin, Elmlər Akademiyasının qarşısında aksiyalar keçirirdik. Bundan sonra Hacı Əbdülün dəstələri meydana gəldi və biz onlarla mübarizə apararaq aksiyalarımızı davam etdirdik”.
A.Ələkbərov deyir ki, sözügedən aksiyalarda ilk günlər az adam iştirak edib. Lakin tədricən aksiyaçıların sayı bir neçə min nəfərədək artıb. “Aksiyalarımızda ilk əvvəllər az adam – 50-60 nəfər iştirak edirdi. Sonradan onların sayı tədricən artmağa başladı. Sonda 3-4 min nəfərə çatmışdı. Yayılan video ilk günlərin aksiyalarından çəkilib, orda adam azdı. Biz, BDU-dan başqa digər ali məktəblərdə də təbliğat işi apararaq aksiyaçıların sayının artmasına nail olduq. Aramızda tələbələr də, müəllimlər də var idi.
Hacıbala Abutalıbov o zaman Fizika İnstitutunun labaratoriya müdiri idi. Bizim qərəgahımız da o institutda idi. Biz plakatlarımızı, şüarlarımızı orda hazırlayıb gətirirdik Ali Sovetin qabağına”.
A.Ələkbərov deyir ki, o zaman bu işləri görmək üçün ciddi maliyyə çatışmazlığı olub. “Biz o vaxt rayonlara gedib təsis konfranslarını keçirmək üçün maliyyə vəsaiti tapmırdıq. Universitetin professoru var idi, Məzdək Hüseynov, sonradan YAP Siyasi Şurasının üzvü oldu, o bizə maliyyə yardımı edirdi”.
Xatırladaq ki, Azərbaycan Respublikasının o vaxt qüvvədə olan Konstitusiyanın 121-ci maddəsində prezident seçkisində iştirak üçün yuxarı yaş həddi müəyyən edilərək, Heydər Əliyevin seçkilərdə iştirakını önləməyə çalışırdılar. Bu məhdudiyyətin aradan qaldırılması üçün başlanan mübarizə Yeni Azərbaycan Partiyasının qurulması ilə yekunlaşmışdı. Qısa müddətdən sonra isə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi.
R.Əliyev
AzPolitika.info

Şərhlər