Menu

Ramil Usubov 120 gənci polisə işə götürüb - FOTO

17.05.2016, 18:05
Ramil Usubov 120 gənci polisə işə götürüb - FOTO

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 16-da Gəncə şəhər Baş Polis İdarəsində Gəncə və ətraf rayonların, mayın 17-də isə Qəbələ rayonundakı Daxili Qoşunların hərbi hissəsinin meydanında Şimal-Qərb bölgəsinin ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışları keçirib.

Nazirlinin mətbuat xidmətinin məlumatına görə, sıra baxışlarında həmin bölgələrdə yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən ümumilikdə 1000 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 120 nəfəri polisin və Daxili Qoşunların sıralarında xidmətə, 276 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

General-polkovnik Ramil Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək daxili işlər orqanlarının əməkdaşı adını daim uca tutmalarını, bilik və bacarıqlarını, təcrübələrini daim artırmalarını, müasir dövrün tələblərinə və çağırışlarına cavab vermələrini, informasiya texnologiyalarının ən son nailiyyətlərini praktikada fəal şəkildə tətbiq etmələrini, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib, gələcək çətin və şərəfli fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol