NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov barədə ekspertiza təyin edilib. Bu haqda Modern.az saytına vəkil Elçin Sadıqov məlumat verib.
Vəkil deyib ki, bu, onun bədənində işgəncə izlərinin müəyyən edilməsi məqsədi ilə təcili təyin edilməli məhkəmə tibbi ekspertizası deyil: “Həmin ekspertizanı işgəncə izləri tam sorulandan sonra təyin edəcəklər. Hazırda təyin edilən isə Qiyas İbrahimovun narkoman olub-olmamasını müəyyən etmək üçün məhkəmə narkoloji ekspertizasıdır”.
Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatda bildirilir ki, hər iki gənc narkotik maddəylə əlaqəli saxlanılıb.
“Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.
Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb”.
NİDA hərəkatı hesab edir ki, gənclər Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentini yazdıqlarına görə saxlanıblar.


Şərhlər