Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi “Media forum” saytının sabiq səhiyyə naziri Əli İnsanovun saxlandığı Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülməməsinin səbəbi ilə bağlı sorğusunu cavablandırıb.
İctimaiyyətlə əlaqələr şöbəsindən “Media forum”a bildirilib ki, sabiq nazirin cəzaçəkmə müəssisinə köçürülməməsi prosedur qaydalarla bağlıdır: “Müəyyən prosedurlar həyata keçiriləndən sonra Əli İnsanov köçürüləcək. Amma bunun neçə gündən sonra ediləcəyini və onun hansı cəzaçəkmə müəssisəsinə göndəriləcəyini açıqlaya bilmərik. Bununla bağlı hər hansı problem yoxdur. Qanunvericiliyə əsasən, məhkəmə qərarını alandan sonra da məhbus müəyyən müddət Bakı İstintaq Təcridxanasında saxlanıla bilər. Yəni qanunvericilik məhbusun məhkəmə qərarı alınandan dərhal sonra cəzaçəkmə müəssisəsinə köçürülməsini nəzərdə tutmur”.
Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. Bakı Apellyasiya Məhkəməsində işə yenidən baxılması ilə əlaqədar Əli İnsanov saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı qüvvədə saxlanıb.

Şərhlər