Bu günlərdə, Fransanın paytaxtı Paris şəhərində və digər şəhərlərində genləri modifikasiya olunmuş orqanizmlərə (GMO), təhlükəli pestisidlərə və onların istehsalçısı olan «Monsanto» korporasiyasına (ABŞ) qarşı etiraz aksiyası keçirilib. Bu tədbirlər «Monsanto»ya qarşı dünyada keçirilən Beynəlxalq marşın bir hissəsi olaraq tarixə düşüb.
Parisdə manifestanların sırası «Respublika» meydanından «Stalinqrad» meydanına qədər uzanıb gedib. Aksiya iştirakçıları əllərində «Rədd olsun GMO (genetik modifikasiya olunmuş orqanizmlər)!», «Monsanto» cinayətkar-yırtıcı korporasiyadır!», «Biz, «Monsanto» üçün təcrübə dovşanı deyilik!» kimi çağırışlar yazılmış transparantlar cəzdiriblər.
Çıxış edənlər Fransa parlamentindən və hökumətindən tələb ediblər ki, əhalinin sağlamlığını qoruyan və pestisidlərdən istifadəni normalaşdıran yeni effektli qanunlar işləyib hazırlansınlar.
Bu tədbirlərin Fransada keçirilməsi heç də təsadüf deyil. Nədən ki, Fransa, pestisid və herbisid sıralı zəhərli maddələrin kənd təsərrüfatənda istifadəsinə görə, Avropada birinci, dünyada isə üçüncü yeri tutur.
İştirakçılar, bu günlərdə «qlifosat» adlı kimyəvi maddənin kənd təsərrüfatında istifadəsinə icazə verən sənədin vaxtnın uzadılması barədə məsələyə baxılmasının uzun müddətə təxirə salnması haqqında Avropa İttifaqının çıxartdığı qərardan məmnunluq hissi keçirdiklərini ifadə ediblər. Bu maddə «Monsanto» korporasiyası tərəfindən uzun illərdir ki, istehsal olunan «Raundap» adlı herbisidin tərkibinə daxildir (onun əsas komponentidir). İştirakçıların fikrincə, bu herbisidin kənd təsərrüfatında istifadəsinə qadağa qoyulmalıdır. Bunun üçün yetərincə əsas var. Məsələn, 2015-ci ilin martında Ümumdünya səhiyyə təşkilatı (ÜST) nəzdində xərçəngin öyrənilməsi üzrə beynəlxalq Agentlik xərçəng xəstəliyi barədə öz rəyini açıqlayıb. Həmin rəydən belə nəticə çıxır ki, «qlifosat» insan üçün «mümkün konserogen»dir.
Bildirilir ki, bu tədbirdə Fransanın ən müxtəlif bölgələrindən gəlmiş arıçılar da fəal iştirak ediblər. Onların fikrincə, artıq bir müddətdir ki, ölkədə arıların kütləvi şəkildə məhv olması məhz kənd təsərrüfatında «Monsanto» şirkətinin istehsalı olan pestisidlərin istiıaədə edilməsinin birbaşa və dolayı nəticəsidir.
Məlumat üçün bildirək ki, «Raundap» adlı herbisid xeyli vaxtdır Azərbaycana da idxal olunur. Bu barədə hələ 2008-ci ildə «Bakı-Zaman» qəzetində məqalə ilə çıxış etmişəm. Məsələ burasındadır ki, hansı ölkəyə «Raundap» idxal olunursa, həmin ölkənin kənd təsərrüfatında genetik modifikasiya olunmuş (GMO) orqanizmlərin əkilib-becərilməsinə heç bir şübhə yoxdur. Nədən ki, «Monsanto»nun istehsal etdiyi bu herbisidə yalnız GMO bitkilər, özü də elə həmin «Mosanto»nun işləyib hazırladığı bitkilər davam gətirirlər. Məhz bu effektin nəticəsidir ki, GMO bitkilər becərilən ərazilərdə ənənəvi (yerli) bitki növləri tezliklə sıradan çıxırlar (həmin herbisid onları məhv edir).
Bu günə olan vəziyyətə, Azərbaycanda «Raundap»ın idxalını qadağan edən qanun (hüquqi sənəd) yoxdur. Belədə, kənd təsərrüfatı nazirliyindən (KTN), onun nəzdindəki fitosanitar nəzarəti xidmətindən (FSNX) soruşmaq yerinə düşərdi: «Raundap»ı ölkəyə hansı məqsədlə idxal edirsiniz və ya onun idxalına yaşıl işıq yandırırsınız?!
Mirzə AĞ
AzPolitika.info

Şərhlər