Keçmiş baş prokurorun mandatı alına bilər?

Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun modern.az-a verdiyi məlumata görə, növbəti iclas aprel ayının 4-də baş tutacaq.

Virtualaz.org saytı isə parlamentin növbəti iclasında qalmaqal olacağı haqda məlumat yayıb. Məlumatda deyilir ki, öyrədilmiş bəzi deputatların Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovu hədəfə alacaqları gözlənilir. Məlumata görə, böyük ehtimalla onlar İ.İsmayılovun ölkənin baş prokuroru və ədliyyə naziri olduğu dövrün “təftişini” aparacaqlar.

Xatırladaq ki, son vaxtlar İlyas İsmayılov bir sıra qanunların pozulduğu barədə məsələlər qaldırıb. Mərkəzi Seçki Komissiyasını qanunu pozduğu üçün məhkəməyə verən İ.İsmayılov universitet rektoru olan deputatların mandat daşımasının qanundan kənar olduğu məsələsini gündəmə gətirib. Milli Məclisin ötən iclası isə İ.İsmayılovla spiker Oqtay Əsədov arasındakı qalmaqalla yadda qalmışdı. Hökumətin hesabatı müzakirə olunarkən deputatın tənqidi fikirləri spiker tərəfindən çox kəskin reaksiya ilə qarşılanmış və nəticədə onlar arasında qarşıdurma yaranmışdı. Sonrakı günlərdə isə İ.İsmayılov mətbuata geniş müsahibə verərək O.Əsədovu həddini aşmaqda, vəzifə səlahiyyətlərini bilməməkdə və s. ittiham edib.

Məhz bütün bunlardan sonra İ.İsmayılova qarşı parlamentdə hücum kampaniyası hazırlandığı barədə məlumatlar yayılmaqdadır. Hətta bəzi xəbərlərdə İ.İsmayılovun deputat mandatının alınması məsələsinin qaldırılacağının da istisna edilmədiyi bildirilir.

Milli Məclisin deputatı Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında hansısa deputata qarşı parlamentdə belə bir hərəkətin istənilən vaxt baş verməsinin istisna olunmadığını bildirdi: “Çünki bu öyrətmə amilindən daha çox bəzi həmkarlarımız var ki, belə məsələlərdə bir qədər ümumi qanunvericilik nöqteyi-nəzərindən yox, şəxsi maraqdan, yaxud da sifarişdən çıxış edə bilirlər. Etiraf edək ki, belə hallar olur. Amma konkret İlyas İsmayılova qarşı belə bir mövqe əsassız olardı. Çünki hər bir deputat özünün məsələlərə münasibətini bildirmək hüququna malikdir. İlyas İsmayılov da bu hüququndan istifadə edib”.

F.Mustafa hesab edir ki, tənqidə görə deputatı cəzalandırmaq əvəzinə, Milli Məclisin idarə olunması ilə bağlı problemləri tənzimləmək lazımdır: “Deputatın çıxışını kəsib onun səhv və ya doğru olduğu barədə şərh vermək olmaz. Münasibəti ancaq ayrıca çıxışda bildirmək olar. Milli Məclisin idarə olunması zamanı deputatlara iradın bildirilməsi, nəyi danışıb, nəyi danışmamağının sanki göstərilməsi hüquqa əsaslanmır.

Ona görə də bu məsələdə İlyas İsmayılovun mövqeyi ümumi qanunvericiliyin tələbinə uyğun olaraq səsləndirilən mövqedir. İlyas müəllim bildirir ki, mən çıxış edəndə müdaxilə etməyim, sonra çıxışınızda tənqid edə bilərsiniz. Ona görə də mən hesab edirəm ki, tənqidə görə deputatı mandatdan məhrum etmək kimi addım olsa, Azərbaycan parlamenti lap biabırçı vəziyyətə düşə bilər. Onda heç kim danışmaz ki, istənilən çıxışa görə adamı deputat mandatından məhrum edə bilərlər”.

F.Mustafa onu da dedi ki, deputatı mandatdan məhrum etmək elə də asan deyil, bunun üçün prosedurlar keçilməlidir: “Etika komissiyası, intizam komissiyası var. Həmin komissiyalarda məsələyə baxılmalıdır. Məsələnin cinayət tərkibi olanda baş prokuror tərəfindən Milli Məclisə təqdimat təqdim olunmalıdır. Yəni prosedur o qədər də asan deyil. Bir tənqidə görə baş prokuror, rəsmi qurumlar təqdimatmı verəcəklər?!

İnandırıcı məsələ deyil. Hesab edirəm ki, kimlərsə özünü göstərmək üçün Milli Məclisdə müəyyən addımlar atmağı düşünəcəklərsə, əslində özlərini pis vəziyyətdə qoyacaqlar. Kimlərsə əgər iclasda İlyas müəllimə qarşı çıxış eləməyə hazırlaşırlarsa, yanlış bir yol tuturlar. Kimsə öz hüququnu qoruyursa, ona qarşı aqressiv münasibət bəslənməməlidir. Çünki İlyas müəllim deputatdır və onun qaldırdığı məsələ əslində, bütün deputatların hüquqlarının qorunması ilə bağlıdır. Mən də hesab edirəm ki, Milli Məclisdə deputatlara öz fikrini kifayət qədər ifadə eləmək imkanı yaradılmır”.