Menu

“EL hərəkatının strukturlarının fəaliyyətinə xitam verilib”- Eldar Namazov

31.03.2014, 11:47
“EL hərəkatının strukturlarının fəaliyyətinə xitam verilib”- Eldar Namazov

EL hərəkatının sədri Eldar Namazov rəhbərlik etdiyi qurumun qurultayına hazırlıq və Müsavat Partiyası ilə əməkdaşlıq sazişinin imzalanmasına hazırlığın gedişi barədə “Yeni Müsavat”a açıqlama verib. Onun dediyinə görə, EL hərəkatının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və başqa strukturların hamısının fəaliyyətinə xitam verilib: “Ötən il EL hərəkatı yeni elan olunanda qeydiyyat üçün nəzərdə tutulan sayla bağlı bizim heç bir problemimiz yox idi.

Lazım olandan bir neçə dəfə çox üzvlər var idi. Ona görə də qurultaya hazırlıq işlərinin əsas yükü ideoloji və siyasi platformaların hazırlanması, həmin platformanın əsasında təşkilatlanma işini başa çatdırmaqdan ibarətdir. Bu məqamda biz Azərbaycanın ətrafında baş verən prosesləri də nəzərə alırıq. Ölkənin inkişafı ilə bağlı proqramların, xarici siyasət, Qarabağ, təhlükəsizlik məsələlərinin kifayət qədər ciddi yer almasını planlaşdırırıq. Mənim bu təşkilati məsələlərlə bağlı gələn ayın əvvəlində Avropaya səfərlərim, bundan bir müddət sonra isə ABŞ-a səfərim başlayacaq. Yəni biz həm ölkənin daxilində, həm də xaricində çox ciddi hazırlıq işləri görürük.

Mənim öz yanaşmam var bu proseslərə. Son 10 ilə yaxın dövrdə bir neçə dəfə hansısa yeni qurumların yaranması ilə bağlı təşkilatçılıq işlərini öz üzərimə götürməli olmuşam. Vaxtilə Azərbaycan Naminə İctimai Forum, Ziyalılar Forumu, Milli Şuranın seçkilərə qədərki dövrünü buna aid etmək olar. Hər dəfə də çalışırdım ki, yaradılan qurumlar Azərbaycanın ictimai-siyasi həyatında rezonans doğursun və proseslərə ciddi təsir edə bilsin. Mənim EL hərəkatına da yanaşmam eynidir. Biz indi tələsmədən qurultaya hazırlıq işlərini elə aparmaq istəyirik ki, qurultay və sonrakı dövrdə bu, sıradan bir qurum olmasın. Azərbaycanın ictimai-siyasi həyatında öz yeri, təsiri olan yeni bir qüvvə olsun".

E.Namazov bir müddət öncə EL hərəkatından istefa verib ona qarşı hücuma keçən Əflan İbrahimovun bu yaxınlarda yaratdığı eyni adlı təşkilatın dövlət qeydiyyatına alınmasına belə münasibət bildirdi: “EL hərəkatı adı ilə başqa bir qurumun yaradılması və tezliklə qeydiyyata alınması faktının özü artıq hər şeyi deyir. Namizədlərin, hakimiyyətin narahatçılıq keçirdiyi təşkilatların klonlarının yaradılması artıq Azərbaycanda adətə çevrilib. İndi də EL hərəkatına qarşı klonlaşma siyasəti aparılır. Azərbaycan reallığında buna təbii baxmaq lazımdır. Yəqin ki, bütün bu hadisələrin fonunda EL-də nə qədər böyük potensial olduğunu təkcə bizim dostlarımız deyil, bizim fəaliyyətimizdən narahatlıq keçirən dairələr də başa düşürlər”.

“Klonunun yaradılması El-in adının dəyişdirilməsini gündəmə gətirə bilərmi” sualına cavabında isə E.Namazov bu haqda heç bir müzakirə aparmadıqlarını dedi: “Bu cür mühüm məsələ qurultayın qərarından asılı olacaq. Biz qurultayda ən düzgün addımı atacağıq”.

Eldar Namazov rəhbərlik etdiyi təşkilatla Müsavat Partiyası arasında əməkdaşlıq sazişi imzalamaq üçün hazırlıqların gedişindən də danışdı: “Bizim vaxtaşırı müzakirələrimiz keçirilir. İsa Qəmbərlə müzakirələrimiz olur. İş gedir. Prosesi uğurla başa çatdıracağıq. Mən hesab edirəm ki, Azərbaycanda demokratiya uğrunda mübarizə aparan bütün siyasi qüvvələr əməkdaşlığa məhkumdurlar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol