Menu

ÇİN-RUSİYA MÜNASİBƏTLƏRİ: MİRAJ VƏ GERÇƏKLİK - Çin mediası Rusiyadan torpaq tələb edir!

31.05.2016, 17:32
ÇİN-RUSİYA MÜNASİBƏTLƏRİ: MİRAJ VƏ GERÇƏKLİK - Çin mediası Rusiyadan torpaq tələb edir!

«Rusiya-Çin münasibətləri dövlətlərarası qarşılıqlı münasibətlərin nümunəsidir» - Sergey Lavrov

Sergey Lavrov 180112

Rusiya KİV-ləri ölkənin xarici işlər naziri Sergey Lavrova istinadla xəbər verirlər ki, Rusiya və Çin arasında cari münasibətlər 21-ci əsrdə iki dövlət arasında əməkdaşlığın müsbət nümunəsi sayıla bilər. Rusiyalı nazir bu fikri «Rusiya və Çin: İkitərəfli münasibətlərin yeni keyfiyyətinə doğru» beynəlxalq konfransında çıxışı zamanı səsləndirib.

Nazir deyib: «Bizim dövlətlərimiz arasındakı münasibətlərin bütün tarixi boyu ən yaxşı sayıla biləcək cari münasibətlər mahiyyət etibarilə, 21-ci əsrdə dövlətlərarası əməkdaşlığın müsbət nümunəsidir».

Buna misal olaraq, Lavrov qeyd edib ki, Rusiya və Çin 2020-ci ilə mal dövriyyəsini 200 milyard dollara çatdırmağı planlaşdırır. Nazir deyib ki, Çin Rusiyanın aparıcı iqtisadi tərəfdaşıdır. Sonra da əlavə edib ki, Rusiya prezidentinin Çin Xalq Respublikasına (ÇXR) iyun ayında gözlənilən səfəri bu münasibətlərə yeni təkan verəcək.

İlk baxışda, belə təsəvvür yaranır ki, Rusiya il ÇXR arasıda illərlə yığılıb qalmış və getdikcə dərinləşən fikir ayrılıqları, ərazi problemləri artıq öz həllini tapıb və bu ölkələr bir-birinin firavanlığı üçün dəridən-qabıqdan çıxır. Amma mövcud vəziyyət heç də Lavrovun təsvir etdiyi kimi deyl. Müşahidə və təhlillər göstərir ki, Rusiya ilə Çin arasında 100-illərlə mövcud olmuş və getdikcə dərinləşmiş ərazi problemləri, siyasi fikir ayrılıqlarının doğurduğu qütləşmə daha da dərinləşərək, artıq pik həddinə çatıb.

Hələ ötən ilin noyabrında Çin mediası olduqca maraqlı bir mövzu ətrafında qızğın müzakirələrə start vermişdi. Deyilirdi ki, Rusiya sərhədyanı ərazisindən kiçik bir torpaq parçasını Çinə «bağışlayıb». Sözügedən ərazinin sahəsi 4,7 kvadrat kilometr təşkil edir və 2015-ci ilin noyabrında Çin tərəfinə verilib. Ərazi hələ 19-cu əsrdə çar Rusiyası tərəfindən «ikinci tiryək müharibəsi»nin sonunda zəbt olunub.

Hələ ötən ilin noyabr ayında «Azadlıq» radiosu xəbər verirdi ki, Çinin bir çox internet istifadəçisi Rusiyanın bu jestini alqışlasa da, iki ölkə arasında keçmişlərdə baş vermiş ərazi toqquşmalarını unutmadıqlarını və Moskvanın Pekinə daha böyük əraziləri qaytarmalı olduğunu yazırlar.

«Shina Daily» qəzeti yazırdı ki, Rusiya 1858-1915-ci illər aralığında ədalətsiz müqavilələrin sayəsində Çinin 1,5 milyon kvadrat kilometr ərazisini qəsb edib.

Çin blogerlərindən biri yazırdı: «Mən indi başa düşürəm ki, Rusiya Krımı niyə ilhaq edib. Putin istəmir ki, onun hakimiyyəti dövründə Rusiyanın ərazisi kiçilsin. Ona görə də ilhaq edilmiş Ukrayna torpaqlarının hesabına Çin torpaqlarını qaytarır...».

Çin blogerləri, Rusiyanın kiçik bir ərazini Çinə qaytarmasını Putinin taktiki gedişi və Pekini «ələ almaq» cəhdi kimi qiymətləndirirdilər. Məsələn, onlardan biri yazırdı: «Rusiya, bununla dünyaya sübut etməyə çalışır ki, onun Çinlə yaxşı münasibətləri var». Həmin dövrdə Çin mediası xəbər verirdi ki, Moskva və Pekin arasındakı yaxınlaşmanın əsas səbəbi, hər ikisinin Qərb tərəfindən rədd edilməsidir.

Elə Rusiyaya qarşı ən böyük ərazi iddiası da sosial mediada irəli sürülür. Məsələn, çinli bir bloger yazırdı: «Vladivostoku, Blaqoveşenski və Tanu-Uryanxayı qaytarın!» Bir başqası isə «Mən, Vladivostokun və Saxalinin qaytarılmasını istəyirəm...»- deyirdi...

Son 15-20 ildə çinlilərin Rusiya ərazilərinə - Baykaldan o yana torpaqlara, Sibirə və Uzaq Şərqə «dinc axın»ı xeyli sürətlənib. İndi bu ərazilərdə çalışan çinlilərin sayı rusların sayını xeyli üstələyir. Bögənin iqtisadiyyatı çinli iş adamlarının əlindədir və onlar getdikcə yerli biznesmenləri vurub sıradan çıxarırlar. Çünki çinli iş adamlarının əlində kifayət qədər sərmayə var, rusiyalılar isə bundan məhrumdurlar. Son ayların məlumatları açıq-aşkar göstərir ki, Çin bankları Rusiya şirkətlərinə kredit verməkdən çəkinir, yerli layihələrə sərmayə yatırmaqdan boyun qaçırırlar.

Bütün bunlar Rusiya iqtisadiyyatının tənəzül dövrünə təsadüf edir və heç şübhə yoxdur ki, məhz iqtisadi tənəzzülün diqtəsi altında mümkün ola bilir. Şübhə yoxdur ki, Rusiyanın iqtisadiyyatı çökməsəydi, bu ölkə Çinlə belə «mehriban» münasibətlərə baş vurmazdı və əksinə, keçmişlərdə olduğu kimi, ona diş qıcayardı...

Çin siyasətçiləri bunu yaxşı anlayırlar. Odur ki, «səmaaltı ölkə»nin iri şirkətləri, bankları Rusiya iqtisadiyyatına investisiya yatırmaqda maraqlı deyillər...

Belədə, Lavrovun diplomatcasına dilə gətirdiyi «nümunə»dən danışmağa dəyərmi?

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol