Bu dəfə Vladimir Putin bütün gücünü işə salmalıdır. Onun PR maşını yerinə yetirilməsi müşkül olan çətin bir problem ilə üzləşib. İndi onun qarşısında Kremlin xaricdə uğradığı böyük məğlubiyyəti zəfər kimi təqdim etmək məsələsi durur.

Ümumiyyətlə, Moskva, Qərbdə öz ölkəsinin başına gələn xoşagəlməz hadisələrin inkişafını uğur kimi göstərməyə adət edib. Lakin maliyyə bazarlarında Rusiyanın yaşadığı praktik fiaskonu sarsıdıcı məğlubiyyət kimi qələmə verməmək mümkün deyil.

Nə baş verir? Rusiya əleyhinə tətbiq olunmuş sanksiyalardan sonra ilk dəfədir ki, keçən həftə Moskva dollar istiqrazları (bu istiqrazlar yalnız dollarla dəyərləndirilir) çıxarmağa başlayıb. Çoxdan anons edilmiş bu aksiyanın köməyi ilə Putin bütün dünyaya göstərmək istəyib ki, Rusiya dünya nəhəngidir və eyni zamanda da lazımı miqdarda ehtiyat valyuta toplamağa çalışıb.

Lakin bu güc nümayişindən heç bir şey çıxmayıb. Maliyyə nazirliyi çəkinə-çəkinə etiraf edib ki, istiqrazların satılması üçün hər hansı Qərb və ya Asiya bankı tapılmayıb və ona görə də, satışlar öz gücümüz hesabına həyata keçiriləcək.

- Bazarlardakı passivlik proqramlaşdırılıb!

Məhz sanksiya siyahısındakı “VTB” bankı həmin istiqrazları investorlar arasında yerləşdirməlidir. Daha pisi ondan ibarətdir ki, Moskva satış üçün istiqrazları yerləşdirmə məsələsində heç bir Qərb təşkilatçısı tapa bilməyib.

Yəni bazardakı passivlik proqramlaşdırılıb. Kifayət sayda investorların tapılması üçün “VTB” nəinki yüksək faizlər təklif edib, həmçinin satış müddətini bir gün də uzadıb. Əgər əvvəlcə üç milyard əldə olunması planlaşdırılmışdısa, sonradan həcm 1,75 milyarda qədər azaldılıb. Ümumiyyətlə, birjada istiqrazlara maraq yaranmadı. Adətən hər hansı buraxılışdan sonra alışlarda canlanma müşahidə olunur. Ancaq hər halda, hələki istiqrazların yerləşdirilməsi ilə məşğul olan heç bir müəssisə tapılmayıb.

Rusiya üçün valyuta ehtiyatı əldə etməyin çətinlikləri vaxtsız bir anda gəlib. Çünki vəziyyətin digər cəbhələrdə yaxşılaşmasına olan ümidlər əriyir. Son zamanlar belə bir fikir yaradılıb ki, Ukrayna münaqişəsinə görə tətbiq edilmiş sanksiyalar tezliklə qismən qaldırılacaq. Avropa Birliyi sanksiyaların uzadılmasını iyulda müzakirə etməlidir. Rusiya hökuməti bu yaxınlarda bildirib ki, sanksiyaların götürülməsi üçün ilkin şərt kimi Minsk müqaviləsinin tam şəkildə yerinə yetirilməsini artıq nəzərdən keçirmir.

- Kreml işin gedişi zamanı taktikanı dəyişir

Lakin qəfildən Tokiodan başqa siqnallar gəlməyə başladı. ”Böyük yeddiliyin” Yaponiyadakı sammitinə toplaşanlar bəyan ediblər ki, Ukraynanın şərqindəki hadisələrlə bağlı sülh planının tam şəkildə yerinə yetirilməsinə qədər, Moskvaya qarşı olan sərt kurs davam etdiriləcək. Kreml gecikmədən reaksiya verib. Baş nazir Dmitri Medvedyev bildirib ki, Qərbdən gətirilən ərzaq məhsullarına qoyulan qadağa 2017-ci ilin sonunu kimi uzadılacaq.

Həmçinin, bu səbəbə görə Kreml dollar istiqrazlarının yerləşdirilməsi ilə bağlı fəlakəti yumşaltmağa çalışır. Danışılır ki, sifarişlərin ümumi həcmi yeddi milyarddan artıqdır və istiqrazların 70%-dən çoxu xarici investorlara daxil olub. Onlar isə əsasən Londonda yerləşir. Ancaq iş ondadır ki, maliyyə nazirliyi konkret adları açıqlaya bilməyəndə və tanınmış heç bir investorun alıcı olduğunu təsdiq etməyəndə, Moskva işin gedişindəcə taktikanı dəyişməyə başladı. Rusiya maliyyə agentliyinin rəhbəri Konstantin Vışkovski qəfildən Qərbi, əsasən də Vaşinqtonu istiqrazların buraxılmasını məqsədəuyğun şəkildə pozmaqda ittiham etməyə başladı.

Vışkovski “Bloomberg” agentliyinə deyib: ”Qərb “telefon terroru” vasitəsilə bank və investorları istiqraz buraxılışında iştirakdan çəkindirib. Amma sübut etdik ki, buraxılışı həyata keçirmək üçün bizim öz maliyyə institutlarımız var. Biz bunu gələcəkdə də davam etdirəcəyik”.

- Amerikanlar birjada özlərinin üstün vəziyyətlərindən istifadə edirlər

Kremlin arqumenləri bazarlarda hərəkətlilik yaratmayıb. ”Nomura” şirkətinin strateqi Tim Eş bildirib: “Moskva istiqrazların buraxılmasını böyük PR şousuna çevirmək və Qərbə sanksiyaların zəifliyini göstərmək istəyirdi. Hətta emissiyanın böyüklüyü və faiz dərəcələrinin əhəmiyyətli şəkildə yüksəldilməsi çox şeydən xəbər verir”.

Həqiqətən də dollar istiqrazları üçün nəzərdə tutulmuş riskə görə əlavə ödəmə 2,6 % təşkil edib. Son dəfə bu göstərici 2013-cü ildə yalnız 1,9 % idi. Bu isə vəziyyətin necə pis olduğuna işarədir. Çünki Moskvanın 0,5% artırıma getməsi, bu günkü istiqrazlar barəsində həyacanlı simptomdur.

Maliyyə bazarları soyuq müharibə zamanının rəqibləri olmuş Rusiya və ABŞ arasında döyüş meydanına çevrilib. Amerikanlar Moskvaya təzyiq kimi, birjadakı üstün vəziyyətlərindən istifadə edirlər. Çünki Rusiya istiqraz satmaqla sanksiyaları pozmur.

- Banklar az müqavimət göstərirlər

Həmçinin Rusiyanın qiymətli kağızları ilə ticarət etməyə də icazə verilib. Yəni bu cür əməliyyatlar aparan müəssisələr heç nədən qorxmaya bilərlər. Lakin çox güman ki, Putin əldə olunacaq dollarları, sanksiya siyahısında olan şirkətlərə kömək üçün istifadə edəcək.

Beləliklə, Kreml incə üsulla sanksiyalardan yan keçə bilərdi. Bunun qarşısını, xüsusən ABŞ almaq istəyər. Vaşinqton bankları emissiyada iştirakdan uzaq durmağa çağırıb.

Tim Eş deyir: “Hətta istiqrazların yerləşdirilməsindən əldə olunacaq böyük komissiyonun nə dərəcədə cazibədar olmasına baxmayaraq, yalnız bəzi banklar hansısa sövdələşməyə getməyə cəsarət ediblər”.

Büdcə kəsirini azaltmaq üçün Kremlə təcili surətdə kapital bazarına çıxmaq lazımdır. ”Fitch” reytinq agentliyinin proqnozuna əsasən, bu il büdcə deşiyi Ümumi Daxil Məhsulun 5%-i qədər artacaq. Bu, 2010-cu ildən indiyədək olan ən pis göstəricidir.

Baxmayaraq ki, neftin qiyməti yenidən 50 dollaradək yüksəlib, amma ekspertlər bildirirlər ki, Rusiyada iqtisadi stabillik üçün kritik hədd 70 dollardır. Bundan başqa ölkədən çıxan kapital axını öz təsirini göstərməkdədir. Yalnız birinci rüb ərzində şirkətlər və banklar ölkədən 7 milyard dollar məbləğındə valyuta çıxarıblar.

(Die Welt)