Gəncədə yerləşən qeyri-hökümət təşkilatı rəhbəri Həsən Hüseynli barəsində "xuliqanlıq" ittihamı ilə cinayət işi açılıb. “Dünən gecə dedilər ki, guya adam bıcaqlayıb və haqqında cinayət işi açıblar”, Hüseynlinin oğlu Azər Hüseynov BBC Azərbaycancaya bildirib.
“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli ötən gün axşam 5-6 radələrində evində şikayətə əsasən saxlanılıb.
Hazırda cənab Hüseynli vəkillə görüşdədir. Azər Hüseynov bildirir ki, qohumlarına QHT rəhbəri ilə görüşməyə izn verməyiblər.
Oğlunun sözlərinə görə, bazar ertəsi gecə saat 1-ə qədər atasının yeri barədə məlumat verilməyib.
“Şikayət edən şəxsin adını heç kim bilmir. Deyirik ki, əgər insan bıcaqlayıbsa, gedək görək o haradadır, baxaq. Deyirlər ki, bəlkə o adam artıq gedib evinə”, Azər Hüseynov deyir.
Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi Füzuli Şıxıyev cinayət işinin açılması barədə məlumatı BBC Azərbaycancaya təsdiqləsə də, yaralı şəxs barəsində “istintaq aparılması” səbəbilə məlumat verməyib.
Cənab Şıxıyev, həmçinin Hüseynlinin hansı müddətə həbs edildiyini açıqlamayıb, onun Cinayət Məcəlləsinin 221.3 maddəsilə həbs edildiyini qeyd edib.
Həmin maddəyə görə, xuliqanlıq silah və ya silah qismində istifadə edilən əşyalarla törədildikdə 3-7 il müddətində həbs cəzası nəzərdə tutulur.
Azər Hüseynov iddia edir ki, atası QHT-dəki fəaliyyətinə görə həbs edilib. "Onun həbs edilməsi gənclərin maarifləndirilməsinin qarşısını almaq üçündür", o deyir.
Xatırladaq ki, martın 31-də saat 18 radələrində "Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə aparılıb. Bu barədə Meydan TV-yə Mərkəzinin rəhbəri Həsən Hüseynli özü telefonla bildirib. İnsident haqda ictimaiyyətə məlumat verməyi xahiş edən Həsən Hüseynli, onun polis tərəfindən saxlanmasının təfərrüatını açıqlaya bilməyib. Telefonla danışarkən onun mübahisə etdiyi sezilirdi. Daha sonra onun telefonu söndürülüb.
Həsən Hüseynlinin qonşusu Akif Vəlizadə onun bir neçə nəfər mülki geyinli tərəfindən evindən boz rəngli maşına zorla mindirilərək apardıqlarını gördüyü bildirib.
Həsən Hüseynli Azadlıq Radiosunun Gəncədəki müxbirinə saxlanmazdan bir neçə dəqiqə öncə poçta gedərkən orta yaşlı tanımadığı bir nəfərin ona hücum etdiyini deyib. Həmin şəxs onun yaxasından yapışaraq itələyib və sonra qaçıb. Həsən Hüseynli bunun provokasiya ola biləcəyindən ehtiyatlanaraq tez poçtun binasına daxil olub.
Lakin Nizami rayon Şöbəsinin rəisi Ədalət Sadıqov bu barədə heç nə bilmədiyini deyir. Kəpəz rayon Polis Şöbəsinin rəisi Ağahüseyn Məmmədov da oxşar cavab verib. Şəhər Baş Polis İdarənin rəisi Faiq Şabanovun isə telefon nömrələri qurumda gizlin saxlandığından onunla da əlaqə yaratmaq mümkün olmur.
Elmar Vəliyev Gəncə şəhərinə icra başçısı təyin olunandan sonra Həsən Hüseynliyə təzyiqlər artıb. O bir neçə dəfə polisə çağırılaraq xəbərdarlıq da olunub.
Həsən Hüseynli Gəncə şəhərində icra hakimiyyətinin fəaliyyətinə müdaxilə edə bilmədiyi yeganə QHT rəhbəridir. 2009-cu ildə dövlət qeydiyyatından keçən "Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzinin missiyası Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir. Mərkəz gənclərin ictimai fəallığının, liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir.


Şərhlər