Ermənistanın müdafiə nazirinin Azərbaycan torpaqlarında gizli səfəri iki gün davam edib.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan yenidən Qarabağa gəlib. Anspres-in məlumatına görə, səfər iyunun 4-də axşam saatlarında baş tutsa da erməni mətbuatı xəbəri bu gün yayıb.
Məlumata görə, Ohanyan qondarma rejimin “müdafiə naziri” Levon Mnatsakanyanla birlikdə cəbhə xəttində, işğal edilmiş Azərbaycan rayonlarında olub.
Ohanyan və Mnatsakanyan bütün gecəni Ağdərə rayonunun Madaqis və Talış kəndləri istiqamətində təmas xəttinin müxtəlif istiqamətlərində olublar.
Onlar qoşunların döyüş hazırlığını yoxlayıb, təchizat məsələləri ilə maraqlanıb və digər məsələləri müzakirə ediblər. Ermənistan müdafiə naziri gecəni postlardan birində keçirib.
Ohanyan təmas xəttində 2 gün qalıb. O, iyunun 5-də cəhbə xəttinin digər istiqamətlərinə səfər edib.
Aprelin əvvəlində cəbhə xəttində vəziyyət gərginləşdikdən sonra Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinin sayı artıb. Budan əvvəl bir neçə dəfə prezident Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyan və Ovik Abramyan Dağlıq Qarabağa səfərlər ediblər.


Şərhlər