Martın 31-də Gəncədə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlini polis saxlayıb. Vəkil Əlayif Həsənov “Media forum” saytına bildirib ki, Həsən Hüseynli Kəpəz Rayon Polis Şöbəsinin təcridxanasında saxlanır: “Aprelin 1-də onunla görüşdüm. Saxlanmasını tamamilə qanunsuz hesab edir”.

Həsən Hüseynli saxlanmazdan bir saat əvvəl “Azadlıq” radiosuna deyib ki, ona qarşı təxribat olub: “Gəncədə Mərkəzi Poçtun yaxınlığında 35-40 yaşlarında bir adam mənə yaxınlaşdı ki, sən niyə mənim ayağımı tapdaladın? Ağır sözlər də dedi. Sinəmdən tutub aşağı çəkdi. Məəttəl qaldım. Onu ilk dəfə idi görürdüm. Ardınca bir qadın yaxınlaşdı ki, siz niyə onu dartırsınız? Hiss elədim ki, bu mənə qarşı provokasiyadır”.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Modern.az”a bildirib ki, mart 31-də Həsən Hüseynli həmyerlisi Arzu Qəhrəmanova bıçaq xəsarəti yetirib: “102 xidmətinə Gəncədə iki nəfərin dalaşması ilə bağlı məlumat verilib. Dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları deyilən ünvana yollanıb. Məlum olub ki, Gəncə şəhər sakinləri Həsən Hüseynli və Arzu Qəhrəmanov aralarında yaranmış münaqişə zəminində dava ediblər və bu zaman Həsən Hüseynli üstündə gəzdirdiyi bıçaqla Arzu Qəhrəmanova bədən xəsarəti yetirib. Qol nahiyəsindən yaralanan Arzu Qəhrəmanov dərhal xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir. Həsən Hüseynlini isə polis saxlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır”.

Vəkil Əlayif Həsənov “Media forum” saytına bildirib ki, Həsən Hüseynli ona qarşı irəli sürülən iddianı inkar edir: “Deyir ki, mənə qarşı olan təxribatdan sonra “Azadlıq” radiosunun müxbirini çağırdım, müxbir də gəlib çəkiliş apardı. Həsən Hüseynli müxbirin müşayiəti ilə evə gedib. Evə çatandan 20 dəqiqə sonra polis əməkdaşları gəlib deyiblər ki, bizimlə polis şöbəsinə getməlisiniz. 4 saat sonra ona nədə ittiham olunduğunu bildiriblər”.

Vəkil deyib ki, 2013-cü ildə Həsən Hüseynlinin rəhbərlik etdiyi QHT-də vergi yoxlamaları başa çatıb: “Yoxlama zamanı heç bir qanun pozuntusu aşkarlanmayıb. Kütləvi tədbirlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı dəfələrlə bildirib ki, polis hara baxır, Həsən Hüseynlinin rəhbərlik etdiyi QHT-ni yığışdırmaq lazımdır, bu təşkilat gənclərə təsir göstərir. Təşkilata gələn şəxslərə təzyiqlər göstərilib ki, siz o ofisə niyə gedirsiniz.

Aprelin 1-də Həsən Hüseynli ilə görüşə getməzdən öncə müstəntiq Füzuli Şıxıyevlə mübahisəmiz oldu. O, zəruri sənədləri mənə verməkdən imtina etdi. Bu qanunsuzluğa görə məhkəməyə müraciət edəcəm. İrəli sürülən ittiham aktının surətini Həsən Hüseynlidən aldım”.