Menu

Zibillikdə Bakı Birinciliyi! - Rəzalət (FOTOLAR)

07.06.2016, 19:57
Zibillikdə Bakı Birinciliyi! - Rəzalət (FOTOLAR)

Təhsil Nazirliyi idman məktəbləri arasında Azərbaycan idmanına üz qarası sayılacaq turnir keçirib

Bu yazıya əlavə olunmuş fotolar heç də Efiopiyada, Eritreyada, yaxud Suriyada çəkilməyib. Nə də burada gördüyünüz top qovan uşaqlar Afrikanın aclıqdan əziyyət çəkən ölkələrində yaşayan, yaxud Suriyadan qaçaraq qaçqın düşərgələrində yerləşən uşaqlar deyil.

Bu görüntülər, idmana yüz milyonlarla vəsait xərclənən, ilk Avropa Oyunlarına ev sahibliyi edən və Formula-1 yarışlarını qəbul etməyə hazırlaşan gözəl ölkəmizin paytaxtında 3 gün öncə lentə alınıb. Özü də Təhsil Nazirliyinin idman məktəbləri arasında keçirilən Bakı Birinciliyindən! Bəli, tam rəsmi səviyyədə keçirilən yarış, hakimlər, oyunun komissarı, protokollar və sair. Yəqin ki, bu yarışın keçirilməsi üçün müəyyən vəsait də ayrılıb və...

Stadion deməyə dilimiz dönməyən bu ərazi Sabunçu rayonunda, SOCAR-ın Geologiya və Geofizika İdarəsinə aid bir binanın qarşısında yerləşir. Bu stadionda Bakının idman məktəblərini təmsil edən, Azərbaycan futbolunun gələcəyi sayılan 12-15 yaşında uşaqlar top qovur, daha doğrusu şikəst edilir!

Stadionun nə vəziyyətdə olduğuna şərh verməyə belə çətinlik çəkirik. Zibillik, antisanitariya öz yerində, burada nəinki təbii, yaxud süni ot örtüyü var, heç torpaq örtüyü də düz-əməlli deyil. Hər tərəf daş-kəsəkdir, futbol oynayan uşaqlar isə hər anı şikəst olmaq təhlükəsi ilə üz-üzədir.

Burada həkim-filan da gözümüzə dəymədi, sanki hər şey Allahın ümidinə buraxılıb. Öyrəndik ki, yarışı Təhsil Nazirliyi keçirir, ancaq fikrimizcə, bu biabırçılığa nə İdman və Gənclər Nazirliyi, nə də AFFA biganə qalmalı deyil. Yəni bu uşaqların yarışı üçün paytaxtımızdakı sayı-hesabı olmayan təbii, yaxud heç olmasa süni ot örtüyü olan bircə dənə stadion tapılmayıb? Hansısa məntiqi izah tapa bilmədiyimiz bu situasiyaya görə, həmin yarışı təşkil edənlərə də deməyə söz tapmırıq. Dövlətin idman sahəsində etdiklərinə kölgə salmaq, biabır etmək, səviyyəsiz və ibtidai icma quruluşunu xatırladan təşkilatçılıq və ən nəhayət, övladlarımızın gələcəyinə etinasız, biganə və məsuliyyətsiz yanaşma!

Elxan

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol