Menu

"İmkan verməyin 5 azyaşlı körpə aclıqdan məhv olsun" - Mehriban Əliyevaya MÜRACİƏT

09.06.2016, 12:49
"İmkan verməyin 5 azyaşlı körpə aclıqdan məhv olsun" - Mehriban Əliyevaya MÜRACİƏT

Göyçay rayonu, Natəvan küçəsi ev 8-də yaşayan Məcidova Lamiyə Sarxan qızı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan kömək istəyir. Onun "AzPolitika.info"ya göndərdiyi müraciəti qısa ixtisarla dərc edirik:

"Fotoşəkillərə baxın, bunlar Somalidə acınacaqlı vəziyyətdə yaşayan insanlar deyil. Bunlar Göyçay rayonunda yoxsulluq, dilənçilik vəziyyətindən də aşağı vəziyyətdə yaşayan azərbaycanlı ailəsidir.

5 azyaşlı uşaqla bu gördüyünüz üstü açıq, döşəməsi olmayan hasarın içində yaşayırıq. Bir neçə vaxtdır intensiv yağan yağış artıq ailəlikcə bizi xəstəliyə düçar edib. Müayinə olunsaq, bəlkə də vərəm xəstəliyinə düçar olmuşuq.

Böyük uşağımızın 10, kiçiyin isə 1 yaşı olmaqla, 5 uşağımız var. Ailədə heç kəs işləmir. Həyat yoldaşım iş olanda fəhləlik edir. Ancaq elə olur ki, aylarla iş olmur.

Uşaqlarımızın 3-ü məktəbli olsa da, paltarları olmadığı üçün dərsə getmirlər. Həm də yeriməyə belə taqətləri yoxdur. Günlərlə quruca çörək almağa imkanımız olmur deyə, ac qalırıq.

Heç bir yandan köməyimiz yoxdur. Evimizdə televizorumuz belə yoxdur. İşığımız, qazımız və suyumuz yoxdur. İşığımız olmayan hasarın içində içi tamamilə boş bir soyuducumuz var. Bu yaşamaq yox, zülm çəkməkdir.

Bəlkə də Azərbaycan Respublikasında acınacaqlı vəziyyətdə yaşayan ikinci belə bir ailə yoxdur. Dəfələrlə qəbullarda olsaq da, yalan vədlər verilmiş, amma əməl edilməmişdir.

Mən mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevadan çox-çox xahiş edirəm: bizə kömək edin, imkan verməyin ki, bu günahsız azyaşlı körpələr aclıqdan, xəstəlikdən məhv olsunlar. Siz humanist, mərhəmətli və ədalətli insansınız. Mehriban xanım, ümidimiz Allaha və sizədir .

Qohumumun əlaqə telefonu; 050 506-09-08 (Nailə)"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol