Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevin "Azpetrol" Şirkətlər Qrupunun sürücüsü İlqar Paşayevi döyməsi barədə yayılan xəbərlərə Binəqədi rayon 7-ci Polis bölməsində işi araşdıran müstəntiq Elşən Zamanov münasibət bildirib.
Müstəntiq “Qafqazinfo”ya açıqlamasında hakim Rauf Əliyevin xəsarət aldığını deyib.
E. Zamanovun sözlərinə görə, qanunda təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün yalan danışmaq hüququ var: “İlqar Paşayev də özünümüdafiə xarakterli çıxş edir. Hakim Rauf Əliyev xəsarət alıb. İstintaqı apararkən şahid dinləmələri keçirilib. Sürücü hakimə dəmir açarla xəsarət yetirib. Hadisənin videogörüntüləri ilə bağlı da sorğu göndərilib. Sorğuya cavab aldıqdan sonra faktlar açılmış cinayət işinə tikiləcək. Sürücü barədə 2 ay həbs qətimkan tədbiri seçilib. Hazırda o Bakı İstintaq Təcridxanasında saxlanılır”.
Binəqədi rayon 7-ci bölmənin polis rəisi Ceyhun Hüseynov müavini, Hakim Rauf Əliyevin oğlu Bəhruz Əliyevin hadisədə adının hallanması ilə bağlı iddialara cavab verib. Polis rəisi “Qafqazinfo” ya açıqlamasında bildirib ki, mətbuatda yayılanlar əsassızdır:
“Sizə düzgün məlumat verməyiblər. Hadisə müstəntiq tərəfindən araşdırılıb. Təqsirləndirilən şəxs barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib”.
7-ci polis bölməsinin rəis müavini, hakim Rauf Əliyevin oğlu Bəhruz Əliyev atasının adam döyməsi haqda iddialara cavab verib.
Bəhruz Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, deyilənlərin hamısı cəfəngiyyatdır. Onun sözlərinə görə, əslində Rəsulzadə-Novxanı şossesində doğrudan da atası və bir nəfər arasında mübahisə yaranıb. Sonradan 40-45 yaşlarında olan İlqar Paşayevlə 60 yaşlı Rauf Əliyevi döyüb. “Mən bu məsələdən sonra xəbər tutmuşam. Lakin hadisə yerində heç vaxt olmamışam. Axı hansı ata istər ki, oğlu problem yaşasın. Mənə sonradan atamın döyülməsi barədə deyiblər. Bir də, atam həmin şəxsdən yaşlıdır və onu döyməsinə heç fiziki baxımdan da gücü çatmaz. Demək iddia yalandır. Hansı zəmanədə yaşayırıq ki. polis küçənin ortasında istədiyi adamı döysün?”, - deyə Bəhruz Əliyev bildirib.
Qeyd edək ki, Bəhruz Əliyevin rəis müavini olduğu ərazi 4-c mikrorayon ərazisidir. Lakin hadisə 4-cü bölmənin ərazisində baş verib. Məhz orada hansısa əməliyyat keçirməyə də 4-cü bölmənin və ümumi idarənin əməkdaşları səlahiyyətlidirlər.
Bəhruz Əliyev onu da əlavə edib ki, hazırda insidentlə bağlı məsələ məhkəmə tərəfindən araşdırılır. “Məhkəmə qərar çıxarandan sonra hadisənin günahkarı məlum olacaq. Mən bu məsələ ilə bağlı məşğul olmuram. Heç maraqlanmamışam da. Çünki sonra deməsinlər ki, oğlu polis işləyir, məsələyə müdaxilə edir. Heç bir müdaxilə olmadan yazırlar. Gör mən indi məsələ ilə maraqlansam, nələr yazarlar”, - deyə Bəhruz Əliyev vurğulayıb.

Şərhlər