Naxçıvanda işgəncəyə məruz qalan Şərur sakini özünü asıb. Bu barədə "Yeni Müsavat"ın bölgədəki müxbiri Həkimeldostu Mehdiyevin məlumatına görə, Şərur sakini, 1977-ci il təvəllüdlü Quliyev Azər Adil oğlu üç gün rayon polisində saxlanılıb:

"Azər Quliyevlə bir qadının tanışlığı olub. Onların münasibətində anlaşmazlıq yaranıb və mübahisə ediblər. Qadın Şərur rayon polis rəisi Məmməd Hüseynova şikayət edib.

Bundan sonra Azər Quliyevi polisə aparıblar və üç gün zirzəmidə saxlayıblar. Özünün dediyinə görə, ona olmazın işgəncələr verilib və sonra sərbəst buraxılıb. Aprelin 2-də buraxılan adam bu işgəncələrə dözməyərək intihara əl atıb. Ancaq özünü asmasından son anda xəbər tutan qonşuları imdada yetişiblər və onu ipdən alıb, həyatını xilas ediblər".