Xəbər verdiyimiz kimi, Dünya Bankının analitikləri manatın üçüncü devalvasiyası ehtimalının yüksək olduğunu bildirir.
“Global Economic Prospects”in gözləntiləri bunu dünya bazarında neftin qiymətinin aşağı olması ilə əlaqələndirib. Analitiklərin sözlərinə görə, Azərbaycan kimi iri valyuta ehtiyatlarına malik olan ölkələr fiskal konsolidasiyaya təzyiqlə üzləşir: “Azərbaycan hökuməti ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün manatı devalvasiya etməli olacaq”.
İqtisadçı-ekspert Samir Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, Dünya Bankının analitiklərinin proqnozu ilə razılaşmır. Azərbaycanlı iqtisadçı yaxın dövr üçün manatın məzənnəsinin 1.60-1.65 intervalında dəyişəcəyini proqnozlaşdırır: “Yay aylarında manatın məzənnəsində kəskin dəyişiklik olmayacaq. Payızda isə manatın məzənnəsi vəziyyətə uyğun olaraq dəyişə bilər. Manat dekabrın 1-də üzən məzənnə sisteminə keçib. Bu o deməkdir ki, manatın məzənnəsi bazardakı proseslərə uyğun olaraq tələb və təklifə əassən tənzimlənir. Yəni, əgər əvvəllər Mərkəzi Bankın məzənnəsini fiksə olunmuş vəziyyətdə müəyyən edirdiksə, indi nəzəri cəhətdən bazar müyyənləşdirir. Nəyə görə? Çünki son proseslər onu göstərir ki, Mərkəzi Bank manatın məzənnəsinə kifayyət qədər müdaxilə edir. Manatın məzənnəsinin dəyişməsinə imkan vermir. Amma buna baxmayaraq, rəsmi olaraq manat üzən məzənnədədir. Bu o deməkdir ki, bu məzənnə dəyişə bilər. Bu gün manat 1.51-1.52-dirsə sabah qalxıb 1.60 ola bilər. Yaxud da əks proses baş verə bilər. Bunun adını devalvasiya adlandıra bilərik. Mərkəzi Bank isə elan edər ki, burada devalvasiya yoxdur. Çünki üzən məzənnə olduğuna görə bazara uyğun olaraq manatın məzənnəsi tənzimlənir. Bu baxımdan biz bunu devalvasiya adlandırmırıq”.
S.Əliyev qeyd edib ki, Dünya Bankı belə təşəbbüslə çıxış edibsə, hər bir halda manatın uzun və orta dövrdə ucuzlaşması prosesi gedəcək: “Son bir həftəni çıxmaq şərtiylə manatın bahalaşmasını müşahidə edirik. Bu da müvəqqəti hal daşıyır. Hər bir halda nəzərə alsaq ki, neftin qiyməti bu şəkildə qalacaq, manatın bahalaşma ehtimalının da olmadığı görünür”.


Şərhlər