Xarici KİV-in yaydığı məlumata görə, Almaniya, miqrantlar barədə Türkiyə ilə əldə olunmuş razılaşmanın pozulmaması xatirinə, bu ölkənin vətəndaşları üçün vizasız rejimin tətbiqinə hazırdır. Böyük Britaniyanın Berlindəki və Türkiyədəki səfirlərinin məktubuna istinadla, bu xəbəri «Teleqraf» qəzeti yayıb.
Son həftələr, bu məsələ ətrafında Türkiyə ilə Avropa İttifaqı arasında mübahisələrin kəskinləşməsi ilə yadda qalır. Məsələ belədir ki, Türkiyənin prezidenti R.T.Ərdoğan ölkəsində terrorla mübarizə sahəsində sərt qanunların dəyişdirilməsi ilə bağlı Avropa İttifaqının irəli sürdüyü şərtləri yerinə yetirməkdən imtina edib. Konkret olraq, bu sahədə ölkə qanunvericiliyinin alimlərə və jurnalistələ yönəlik tələblərindən söhbət gedir. Məlumdur ki, Avropa İttifaqının bu tələbinə cavab olaraq, Ərdoğan belə deyib: «Əlində silah olan terrorçu ilə qələmini terrora dəstək üçün istifadə edənlər arasında fərq yoxdur. Ya bizim, ya da terrorçuların yanında olacaqlar. Belə bir acı hadisədən öz maraqları üçün istifadə edənləri də millətimiz unutmayacaq və bağışlamayacaq...».
Qeyd edək ki, məlum kontingentə yönəlik Avropa İttifaqının Türkiyədən bu tələbi vizasız rejimin tətbiqi üçün ilkin şərtlərdən biri idi. Başqa sözlə, Türkiyədən tələb olunurdu ki, terroru dəstəkləyən, bu antibəşər çalışmanı tərənnüm edən qələm sahibləri heç bir məsuliyyətə cəlb olunmasın. Başqa sözlə, Avropa Türkiyəyə belə deyirdi: «Sən dinmə, qoy səni döysünlər...».
AzPolitika.info

Şərhlər