Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın azadlığa buraxılması barədə məlumatlar həqiqəti əks etdirmir.
“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, N.Quliyeva hazırda 4 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir.
N.Quliyevanın adı sonuncu amnistiya aktına düşməyib.
APA-nın əldə etdiyi məlumata görə isə amnistiyaya düşən şəxslərin arasında N. Quliyevanın olduğu barədə xəbərlərin heç bir əsası yoxdur. N. Quliyeva kimi təqdim olunan şəxs isə Təranə Əliyevadır.
Ötən gün APA-nın əməkdaşı da amnistiya aktının icrasını izləyib. Qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində Amnistiya Aktının şamil olunduğu məhkumlardan üçü azadlığa buraxılıb. Azadlığa buraxılanlar İradə Bayramova, Humay Əsədova və Təranə Əliyevadır.
T. Əliyeva Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə (soyğunçuluq) cinayət törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Cəzasının çəkilməmiş 6 ayından azad edilib.
Onu da qeyd edək ki, ümumi rejimli Cəzaçəkmə Müəssisələrində cəza çəkən ağır və xüsusilə ağır cinayətlərə görə azadlıqdan məhrum edilmiş şəxslərə amnistiya aktı şamil olunmur.
Xatırladaq ki, N.Quliyeva 2005-ci ilin martında keçmiş MTN-in “Qara Kəmər” əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşıdır.

Şərhlər