Menu

Körpələrin işığın sönməsindən sonra öldüyünü təsdiq edən VİDEO

23.06.2016, 15:52
Körpələrin işığın sönməsindən sonra öldüyünü təsdiq edən VİDEO

 Səhiyyə Nazirliyinin cinayətkarları müdafiə edən açıqlamasının yalan olduğu bir daha təsdiqlənir.

Bir neçə gün əvvəl Salyanda dünyaya gələn üçəmlərdən ikisinin dünyasını dəyişməsi hər kəsin ürəyini ağrıtdı.

Valideynləri doğuşdan sonra kuvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər. Salyan Mərkəzi Rayon Xəstəxanasından isə bildirirdilər ki, uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi yoxdur. Baş həkim Hüseynağa Həsənov bildirmişdi ki, körpələr işıqlar sönməmişdən əvvəl dünyasının dəyişiblər.

Bizimyol.info saytına təqdim olunan həvəskar videoçəkiliş isə sübut edir ki, işıqlar sönən zaman körpələr sağ olub. Belə ki, işıq sönən zaman yaxınları narahatlıqla bildirirlər: “İşıqlar sönüb, uşaqların üçü də aparatdadır, nəfəsləri kəsilib ölməsələr yaxşıdır…”.

Əgər uşaqlar işığın sönməsindən əvvəl ölmüş olsaydı, yaxınları bundan xəbərdar olmalıydı.

Həmin görüntüləri təqdim edirik:

Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsində iki körpənin ölməsi hadisəsinə münasibət bildirmişdi.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyəti yoxdur.

Baş Prokurorluğun mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 20-də saat 19-da rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə qəbul edilib və saat 21 radələrində 3 oğlan uşağı sağlam doğularaq yeni doğulmuş körpələr üçün nəzərdə tutulan küves aparatına yerləşdirilib. Gecə saatlarında naməlum səbələrdən körpələrdən 2-si vəfat edib və təxminən həmin radələrdə xəstəxananın işıqları sönüb.

Fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə müvafiq yoxlamalar aparılır.

Eyni zamanda cinayət işi üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hərtərəfli, tam və obyektiv istintaq tədbirləri davam etdirilməklə nəticəsindən asılı olaraq aidiyyəti şəxslərin əməllərinə (hərəkət və ya hərəkətsizliyinə) hüquqi qiymət veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol