Menu

Moskvada üç azərbaycanlı qatil polislə atışmaya girdi - Kapitan öldürüldü- YENİLƏNİB

06.04.2014, 15:32
Moskvada üç azərbaycanlı qatil polislə atışmaya girdi - Kapitan öldürüldü- YENİLƏNİB

Moskvada 3 Azərbaycan vətəndaşından və Belarus vətəndaşı olan qadından ibarət təhlükəli cinayətkar dəstəni yaxalamaq üçün keçirilən qanlı əməliyyatla bağlı yeni təfərrüatlar məlum olub.

Virtualaz.org saytı xəbər verir ki, Moskva polisinin Krasnoqorsk rayon daxili işlər şöbəsinin əməliyyat müvəkkili, kapitan Jadobkinə atəş açan şəxs qətlə və oğurluğa görə axtarışda olan 48 yaşlı Azərbaycan vətəndaşı Mirzə Sarıyevdir.

NTV telekanalının reportajında deyilir ki, kapitan cinayətkarların gizləndiyi mənzilə daxil olaraq onların əlinə qandal keçirmək istəyəndə Sarıyev “Sayqa” markalı karabindən ona atəş açıb. Əməliyyatda cəmi üç polis iştirak edirmiş. Kapitan Jadobkinə qapının arxasından atəş açılıb, bundan sonra qalan iki polis cinayətkarlardan təslim olmağı, silahı yerə qoyub mənzildən çıxmağı tələb edib.

Məlum olub ki, Jadobkinin öldürülməsindən sonra da əməliyyatçılar silahlı Sarıyevlə danışıqlar apararaq ondan silahı yerə qoymağı tələb ediblər. Lakin Sarıyev karabini yerə qoymayıb və onunla öz ayağına da atəş açıb. Cinayətkarın ayaq barmağından yara aldığı bildirilir. Onu Moskvadakı 7 saylı şəhər kliniki xəstəxanasına aparıblar. Digər cinayətkarlar isə əvvəlcə tibbi müayinəyə, oradan isə İstintaq Komitəsinə aparılıb.

Sarıyevin Moskvada taksi sürücüsünü amansızlıqla öldürdüyünə görə iki aydır axtarışda olduğu bildirilir. Əməliyyatçılar onun yerini mobil telefon vasitəsilə müəyyən ediblər. Əməliyyatın keçirildiyi binanın sakinləri isə deyiblər ki, onlar polisin binaya daxil olduğunu və cinayətkarlardan təslim olmağı tələb etdiklərini eşidiblər, ancaq güllə səsi eşitməyiblər. Hazırda polis bu hadisənin şahidlərini müəyyən etmək üçün iş aparır.

Sosial şəbəkələrdə isə DİN rəhbərliyi bu cür əməliyyata görə tənqid olunur. Bildirilir ki, silahlı və təhlükəli cinayəkarları yaxlamaq üçün SOBR və ya OMON dəstəsinin üzvlərini göndərmək əvəzinə tabel silahı ilə silahlanmış əməliyyatçıları göndərmək onların həyatını riskə atmaq idi. Məlum olub ki, Jadobkinin zirehli gödəkçəsi də olmayıb.

------------

Aprelin 6-na keçən gecə Rusiya paytaxtında seriya qətllərdə şübhəli bilinən üç Azərbaycan vətəndaşı və bir Belarus sakininin yaxalanması üçün qanlı əməliyyat keçirilib. Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, Moskvanın Krasnoqorsk rayonunun Daxili İşlər İdarəsinin əməliyyat qrupu gecə saat 3 radələrində şübhəlilərin gizləndiyi, Radujnaya küçəsi 11 ünvanında yerləşən evi mühasirəyə alıblar. Əməliyyatçılar evdə gizlənənlərin silahlı olduğu haqda məlumatlı olublar. Belə ki, həmin şəxslər təxminən bir ay əvvəl Moskva ətrafında biznesmenin evini soyublar və evin sahibini bıçaqla qətlə yetiriblər.

Aralarında bir qadın da olan quldurlar təslim olmaqdan imtina ediblər. Bildirilir ki, çoxsaylı soyğunçuluq əməlləriu törədən cinayətkarlar öz qurbanlarının silahlarını da əldə ediblər və bu səbəbdən yaxşı silahlanıblar. Təslim olmaq çağırışından sonra onlar əməliyyatçılara atəş açıblar və gizlənməyə çalışıblar. Qapının arxasından polisə atəş açan quldurlar 30 yaşlı kapitan Sergey Jadobkini sinəsindən yaralayıblar. Kapitan aldığı güllə yarasından hadisə yerində keçinib.

Buna baxmayaraq seriya qatilləri yaxalamaq mümkün olub. Onların üçü Azərbaycan, biri Belarus vətəndaşıdır. Saxlanılanlardan “Sayqa” karabini və bir neçə travmatik tapança tapılıb. Rusiya İstintaq Komitəsi polis kapitanının qətli ilə bağlı onlara qarşı əlavə cinayət işi başladıb.

Rusiya DİN-in Moskva vilayəti üzrə Baş İdarəsindən bildirildiyinə görə, kapitan Jadobkin polisdə 2001-ci ildən xidmət edirdi və Krasnoqorsk rayonu üzrə Daxili İşlər İdarəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili idi. O, ailəli olub və 2 yaş yarımlıq qızı varmış. Əməliyyatda yaxalanan cinayətkarların adları açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol