Hazırkı prezidentin baş nazir ola bilməsi üçün bəzi təkliflər irəli sürülür
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müavini Əmrullah İşler avqustda keçiriləcək prezident seçkisi barədə danışıb. ANS PRESS-in xəbərinə görə, İşlər baş nazirin namizəd olacağı barədə qərarını qarşıdakı günlərdə açıqlayacağını, iştirak edəcəyi təqdirdə ilk turda 50% səs yığacağını iddia edib.
Əmrullah İşler hazırki prezident Abdullah Gülün baş nazir olub-olmayacağı barədə də suala cavab verib. Baş nazirin müavini, millət vəkili olmadığı üçün Abdullah Gülün seçki başa çatan kimi baş nazir olmasının mümkün olmayacağını bildirib.
“Hesab edirəm ki, prezidentimiz millət vəkili olmadığı üçün bu vəzifənin icrasına başlaya bilməz. Bu texniki olaraq da mümkün deyil. Qarşımızda iki yol var. Bayburt modeli və ya vaxtından əvvəl seçki. Bu təqdirdə yenə də 2 ay vaxta ehtiyac var. Abdullah Gül vaxtından əvvəl keçirilən qurultayla partiyanın sədri də ola bilər. Amma bütün bunlar barədə dəqiq məlumatlar prezidentimizlə baş nazirimiz arasında keçirilən görüşdən sonra məlum olacaq”.
Xatırladaq ki, 2002-ci ildə AKP-nin təkbaşına hakimiyyətə gəlməsindən bir müddət sonra həbsdən çıxan Rəcəb Tayyib Ərdoğanın millət vəkili olmasının qarşısındakı maneə ləğv olunmuş, Siirt millət vəkili istefa vermiş, 2003-cü ilin mart ayında keçirilən seçki ilə Siirtdən namizəd olan Ərdoğan millət vəkili və daha sonra baş nazir olmuşdu.
Baş nazirin müavini Əmrullah İşler “Bayburt modeli” deyərək prezident Abdullah Gülün Bayburtdan millət vəkili və daha sonra baş nazir ola biləcəyinin işarəsini verib.
“Türkiyədə kimin prezident olacağı məlumdur. Millət 30 mart seçkisində bunun işarəsini verdi”. Bunu isə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib. Ölkə siyasətində tıxanma problemi olduğunu deyən nazir bildirib ki, Türkiyənin yeni sistemə, yeni konstitusiyaya ehtiyacı var.
“Türkiyədə siyasət tıxanma problemi yaşayır. Yeni bir konstitusiya, yeni bir sistemə ehtiyac var. Yeni sistemin adı prezident üsul idarəsimi olar, ikiyerli parlament sistemimi olar, bunlar müzakirə olunmalıdır”.
Zeybəkçi baş nazir və AKP-nin sədri Ərdoğan və partiyasının 30 mart bələdiyyə seçkisində qazandığı qələbəyə eyham vuraraq millətin kimin prezident olmasına qərar verdiyini deyib.
“Millət 30 mart bələdiyyə seçkisində işarəni verdi. Prezidentin kim olmasının işarəsini də, prezidentin adını da dedi bu millət. Prezidentin kim olduğu açıqca məlumdur. Partiya böyüklərimiz adı da açıqlayacaqlar”.


Şərhlər