DTX-nın "QIZIL ƏMƏLİYYATI"NIN ŞOK TƏFƏRRÜATLARI - Ziya Məmmədov həbs olunanları niyə azadlığa buraxdırıb?

Dövlət Təhlükəsizlik Xidmətinin Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin ətrafında “qızıl əməliyyatı” keçirməsi, icra hakimiyyətinin bir neçə vəzifəli şəxsinin həbs olunması barədə xəbər cəmiyyətdə böyük rezonansa səbəb olub. Xatırladaq ki, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə icra başçısı Nizaməddin Quliyev gizli qazıntı işləri apartdıraraq, həmin ərazidən qızıl çıxartdırmaqla məşğul olub.

Gununsesi.info DTX-nin “qızıl əməliyyatı” ilə bağlı sensasion faktlar əldə edib. Araşdırmalarımız zamanı bəlli olub ki, Nizaməddin Quliyevin qazıntı apartdırdığı ərazi Mədəniyyət və Turizm Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin qeydiyyatında olan “Osmantəpə kurqanı” adlanır.

Son aprel döyüşlərindən sonra neytral zonada qalan bu ərazi Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçib. DTX-nin əməliyyatından təxminən 1 ay əvvəl Nizaməddin Quliyev həmin ərazidə qızıl axtarışına çıxıb. Əraziyə texnikanın cəlb olunmasından xəbər tutan Mədəniyyət və Turizm Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Nizaməddin Quliyevə rəsmi məktub yazaraq, qazıntının dayandıralmasını tələb edib. (Həmin məktubun surətini təqdim edirik-red.) Zakir Həsənov öz məktubunda “Osmantəpə kurqanı”na Nazirlər Kabinetinin arxieoloji abidə statusu verildiyi və oradakı qazıntının dərhal dayandırılmasını tələb edib. Amma Nizaməddin Quliyev bu tələbi qulaqardına vurub və qazıntı işləri davam etdirilib. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin DTX rəhbərliyinə müraciətindən sonra əməliyyat hazırlanıb və keçirilib. İcra başçısının yaxın ətrafında daxil olan bir neçə vəzifəli şəxs həbs edilib.

Araşdırmalarımız zamanı onu da öyrəndik ki, DTX-nin əməliyyatı zamanı Nizaməddin Quliyev nəqliyyat naziri Ziya Məmmədov və tanınmış iş adamı Qulam Ələkbərovla birlikdə icra başçısına məxsus Tapqaraqoyunlu kəndinin yaxınlığındakı “Dost qapısı” restoranında olub. Məlumatda bildirilir ki, hər üç şəxs qızıl axtarışı prosesinə nəzarət edirmiş. Əməliyyat zamanı Qulam Ələkbərovun rayonun asfalt zavodunun müdiri işləyən Misir Ələkbərov adlı qardaşı da həbs olunanlar arasında olub.

Lakin Ziya Məmmədovun “yuxarılara” dərhal çıxışı əməliyyatın sona çatdırılmasına mane olub. Nazirin müdaxiləsindən sonra həbs olunanları azadlığa buraxıblar. Beləliklə, əməliyyat başa çatmamış qalıb və ictimaiyyətdən gizlin saxlanılıb.

Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Ziya Məmmədovun bu işə operativ müdaxiləsinin səbəbi onun da ərazidən çıxarılacaq qızıllarda payının olması və bu prosesin bilavasitə içərisində olmasıdır. Versiyaya görə, Ziya Məmmədov həbs olunanları azad etdirməsəydi, sonradan aparılacaq istintaq və məhkəmə prosesində onun üçün arzuolunmaz “sürpirizlər” ortaya çıxardı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar