Menu

“Türksüz Azərbaycançılıq formalaşdırılır”- KONFRANS

08.04.2014, 18:12
“Türksüz Azərbaycançılıq formalaşdırılır”- KONFRANS

Tarixçi alimlər və ziyalılar bir araya gəlib türkçülük və dilçilik problemlərini dartışdılar

Aprelin 8-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Biz kimlərin varisləriyik” mövzusunda elmi-tarixi konfrans keçirildi. Konfransda tarixçi alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak və çıxış etdilər.

Millət vəkili, VHP sədri Sabir Rüstəmxanlının moderatorluğu ilə keçirilən tədbirdə türkçülük, türk dili və digər məsələlər müzakirə olundu. Geniş fikir mübadiləsi olan və müxtəlif arqumentlərin səsləndiyi konfransın əsas leytmotivi Azərbaycanın türksüzləşdirilməsi prosesini qabartmaq idi.

S.Rüstəmxanlı qeyd etdi ki, xalqlar uzun hədəflər seçirsə, onların vətəndaş cəmiyyətləri bu istiqamətdə fəal olmalıdır. Onun sözlərinə görə, ölkəmizdə dillə bağlı layihələr, konfranslar həyata keçirilir, “Dil haqqında” qanun qəbul edilib: “Ancaq problemlər qalır və biz yeni layihəyə başlayırıq.

Ən yeni tariximizdə cəmiyyəti narahat edən problemlər müzakirə olunmalıdır. Tarix, Fəlsəfə, Dilçilik institutlarımız var. Amma milli xətdən uzaqlaşmalar görürük. Bəri başdan ictimaiyyətin rəyini bildirməliyik. Yaxın tariximizə, adımıza, milli kimliyimizə münasibət məsələsi ortaya qoyulmalıdır. Biz 23 ildir rus soyadından qopa bilməmişik”.

Tarixçi-alim Nəsib Nəsibli çıxışında vurğuladı ki, milli şüur və mənəviyyət məsələsində ciddi axsaqlıqlar var: “Bu gün sual edirik ki, biz kimlərin varisləyirik. Bizə deyirlər ki, türkdilli, yəni dönməyik. Guya fars olmuşuq, türklər, monqollar gəlib və bizi bir az türkdilli ediblər. 90 il əvvəl Azərbaycan bir model qoyub. Həmin vaxt Osmanlı monarxiya, İran şahlıq idi. İndi 90 il sonra Körfəz ölkələrinin yoluyla gedirik. Milli şüur və mənəviyyat məsələsində bərbad vəziyyət var. Bizim millətimiz türkdür və türkçülükdür”.

Elmlər doktoru Ramiz Əsgər fərqli yanaşaraq dedi ki, istəsək-istəməsək də, Azərbaycan SSRİ-nin varisiyik: “Çünki Xalq Cümhuriyyəti dövründə olanlar hamısı vəfat etdi, qalmadı. Amma biz mənəvi olaraq AXC-nin varisiyik.

Biz gərək duyğularla danışmayaq. Azərbaycan SSRİ-nin siyasi xəttini bəyənib-bəyənmirik, bu başqa məsələdir. Əgər İslamıqsa niyə islamlaşırıq, türküksə niyə türkləşirik? Bunu şüara çevirməyin mənası yoxdur. Müasirləşməni başa düşmək olar. Bizə Azərbaycançılıq lazımdır, bundan vaz keçə bilmərik. Niyə slavyan dili yoxdur. Çünki serb serbdir, rus rusdur”.

Tarixçi Vaqif Arzumanlı onun fikirlərinə etiraz etdi: “Qəti şəkildə qəbul edə bilmərəm ki, Azərbaycan SSRİ-nin varisi indiki Azərbaycandır. Biz AXC-nin varisiyik. Prezident sərəncam verəndə yazılır ki, Mirzə Fətəli Axundzadə, bizim bəzi tarixçilər yazır Axundov. Kim bizim qayğımıza qalacaq? Özümüz bunu etməliyik. O gün sevindirici bir hadisə oldu. Azərbaycan türkcəsində bizə Ukrayna səfəri məktub göndərmişdi”.

Tarixçi Dilavər Əzimli söylədi ki, neçə belə tədbirdə iştirak edib və nəticə hasil olmayıb: “Bu dəfə nəticəli müzakirə olmalıdır. Əvvəla ən böyük problem odur ki, türkdilli sərhəddi müəyyənləşdirmək olmur. Qəzvində farsca danışırlar. Dövr gələcək, sonra deyəcəklər Qəzvin fars şəhəridir. Bu istiqamətdə işlər aparmaq lazımdır”.

Tarixçi Yasəmən Qaraqoyunlu bildirdi ki, türksüz Azərbaycançılıq formalaşdırılır: “Bu konfransları keçiririk ki, müqavimət göstərək. Ölkə daxilində türküçülüyə nifrət formalaşdırılır. O qədər qırmızı xəttə keçirlər ki, heysiyatımıza toxunur.

Biri Mili Məclisdə türkə nifrət etdiyini açıq şəkildə deyir. Bu gün rəsmi təbliğat çoxmillətli Azərbaycan üzərinə qurulub. Son 10 ildə Azərbaycançılıq haqda kitablara baxıram, çoxmillətli ölkə kimi təqdim edilir, türksüz Azərbaycan formalaşdırmaqla İranı bu ölkəni götürməsinə imkan yaradırsınız.

Təklif edirəm ki, Azərbaycan prezidentinə məktub göndərilsin. Az qala türk milləti inkar edilir. Elmlər Akademyasında bir kəlmə türk sözü yazanda çapa buraxılmır. Müvəffəqiyyət sözü yerinə uğur yazılanda çapdan keçmir, nədir ki, türk sözüdür. Bu məsələlərə münasibət bildirilməlidir”.

Professor Cəmil Həsənli söylədi ki, biz Axundovun milləti olmalıydıq, təəssüf ki, onun personajlarının milləti olmaqdayıq: “Dilimizin və millətimizin adını tez-tez müzakirəyə çıxarmamalıyıq. Bu elə də yetkinlik təzahürü deyil. İngilislər tərtib etdiyi əlifbaya indi imkan olsa müdaxilə edərdilər, amma dözürlər, dəyişmirlər.

Hələ 60-70-ci illərdə Azərbaycan kəndlərindən Qafqaz canişininə yazılan məktublar farsca idi. Bu günkü türkçülüklə bağlı düşüncələri sərhədlərdə məhdudlaşdırmalıyıq. Çünki bir söz deyəndə o biri qalxır ki, yox bu mənimdir, mənə məxsusdur.

Çünki elə regionda yaşayırıq ki, mürəkkəb bir vəziyyət yaranıb. Bu gün kiminsə Hələbə getməsi xaricdir. Nəsimi üçü ora getmək müsəlman mədəniyyətinin areal idi. Dövr dəyişib, 18-ci əsrdə Avropanın yarısı latınca danışırdı, indi latınca kim danışır? Bəlkə sovet olmasaydı, bəlkə daha çox şeylər olardı. Ona görə də keçmişi dəyişmək mümkün deyil, gələcəyi dəyişmək haqda düşünək”.

Xalq hərəkatı dövrünün fəallarından olan Bəxtiyar Tuncay qeyd etdi ki, nə Midiya, nə Manna, nə də Qaraqoyunluda doğulmuşuq: “Biz ulu öndərimiz Rəsulzadənin varisləriyik. Dövlət o dövlətin varisidir. Hökumət isə yox.

Rəsulzadəyə münasibətdən görünür ki, hakimiyyət onun varisi deyil. Hakimiyyətdə olan qrup Rəsulzadə varisi yox, Naxçıvan xanlığının varisidir. Bu gün müzakirə etdiyimiz problemlərin kökü də hakimiyyətdən qaynaqlanır”. Tədbirdə digər ziyalılar da çıxış etdilər və geniş fikir mübadiləsi aparıldı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol