Menu

Ucarda şəhid ailəsinə qarşı haqsızlıq - Şikayət

12.07.2016, 16:35
Ucarda şəhid ailəsinə qarşı haqsızlıq - Şikayət

Ucar rayonu Bağman kənd sakini, şəhid övladı Kərimov Sahib Sahib oğlu tərəfindən "AzPolitika.info"ya şikayət məktubu göndərilib. Məktubu qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:

"Atam Kərimov Sahib Fərman oğlu Qarabağımızın azadlığı uğrunda gedən müharibədə, Ağdam rayonunun Malıbəyli kəndi istiqamətində gedən döyüşlər zamanı 23.04.1994-cü il tarixdə şəhid olub. Biz bununla fəxr edirik, Vətənin başı sağ olsun.

Şəhid atamın üzünü görməmişəm, onun adını mənə qoyublar. Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələri dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Evimiz yoxdur, anamın atasının evində 11 nəfərlik ailə ilə birlikdə darısqal, acınacaqlı bir vəziyyətdə yaşayırıq. Buna görə də biz mənzil növbəsinə dayandıq.

Ucar rayon İcra Hakimiyyətində 01 iyul 2014-cü il tarixə mənzil növbəsində olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, Konstitusiya qurluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin siyahısında 13-cü yerdə qeydə alınmışdıq. Növbəyə anam Kərimova Gülabatın Müseyib qızının adı qeydə alınmışdı.

Ancaq bizə qarşı qanunsuzluq və saxtakarlıq edilib. Çünki ev növbəsində siyahıda 13-cü yerdə olsaq da, saxtakarlıq edib siyahıda 17-ci yerdə olan Ucar rayonu Bərgüşad kəndi sakini Nurməmmədov Şahin Nurməmməd oğluna mənzil tikilərək istifadəsinə verilmişdir.

Bunu öyrəndikdə Şahin Nurməmmədov bizə bildirdi ki, buna görə ondan rüşvət alıblar. Bildirirəm ki, Şahin Nurməmmədovun iki evi var. Birini kirayəyə verib. Ancaq bizim evimiz olmadığı üçün 11 nəfərlik 3 ailə nənəmin evində darısqal və acınacaqlı şəraitdə yaşayırıq.

Bütün bu qanunsuzluğun məsuliyyəti Ucar rayon İcra Hakimiyyətinin şöbə müdiri Məhəmməd Bayramovun üzərinə düşür. Bu siyahını o saxtalaşdırıb.

Xahiş edirəm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ev növbəsində dayananların siyahısı dərc edilmiş elektron versiyaya baxın. Bu açıq-aşkar korrupsiya cinayətidir. Bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin vəzifəli şəxsləri ilə Ucar RİH-nin müavini Məhəmməd Bayramov birgə ediblər. Şəhidin ruhuna hörmətsizlik edən bu korrupsioner məmurlar cəzalanmalıdırlar ki, digərlərinə dərs olsun.

Mən bu korrupsiya cinayəti barədə artıq Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş prokuror Zakir Qaralova və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişəm.

Bağman kəndində 4 şəhidin uyuduğu şəhidlər parkı da çox bərbad gündədir. Bura da baxan yoxdur. Mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik ki, əməlləri ilə şəhidin ruhuna hörmətsizlik edən məmurlar barəsində qanuni tədbirlər görülməsi barədə göstəriş versinlər".

P.S. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, Ucar rayon İcra Hakimiyyətinin, həmçinin şikayət məktubunda adı keçən şöbə müdiri Məhəmməd Bayramovun mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol