Menu

Azərbaycanda da “Gülənçi”lərə qarşı əməliyyatılar başlayır -ŞİRKƏTLƏRİN ADLARI

08.04.2014, 19:36
Azərbaycanda da “Gülənçi”lərə qarşı əməliyyatılar başlayır -ŞİRKƏTLƏRİN ADLARI

"Azərbaycanda indiyə qədər “Gülənçi”lərə maddi dəstək verən, eyni zamanda bu qüvvəni himayə edən şirkətlərin tam siyahısı hazırdır"

Türkiyədə baş nazir Ərdoğanın bir müddət öncə anons etdiyi “camaat” üzvlərinin təmizlənməsi əməliyyatı aprelin 8-dən başlayıb. Səhər saatlarında Adanada qanundan kənar telefon dinləməsində şübhəli bilinən 9 polis saxlanıb. Onlardan biri Adana polis rəisinin keçmiş müavini İsmail Bilgin, polis idarəsi şöbəsinin müdiri Ərtoğrul Yetkindir. Saxlanan şəxslərin evlərində axtarış aparılıb, bilgisayarları müsadirə edilib.

9 nəfərlik qrupu qarşı irəli sürülən ittihamlardan biri Milli İstihbarat Təşkilatının yanvar ayının 19-da Suriyay yollanan yük maşınının saxlanmasıdır. Saxlanan şəxslər qanunsuz telefon dinləmələri ilə “paralel dövlətə” casusluq etməkdə şübhəli bilinir. Onlar haqqında Adana Baş Prokurorluğunda cinayət işi qaldırılıb.

Türkiyədəki əməliyyatla eyni vaxtda Azərbaycanda da əməliyyat hazırlanması xəbərləri yayılmaqdadır. “Yeni Müsavat”ın poçtuna daxil olan xəbərdə bildirilir ki, Türkiyə baş nazirinin aprelin 4-də gerçəkləşən Bakı səfəri zamanı İlham Əliyevə təqdim etdiyi “Gülənçi” şirkətlərə qarşı plan işə düşüb.

Xəbərdə iddia olunur ki, Azərbaycanda indiyə qədər “Gülənçi”lərə maddi dəstək verən, eyni zamanda bu qüvvəni himayə edən şirkətlərin tam siyahısı hazırdır: “Ancaq araşdırmalar zamanı ilginc məqamlar da ortaya çıxıb. Bəlli olub ki, bu şirkətlərdən heç də hamısı “Gülənçi”lərə şüurlu yardım etməyib. Onlar sadəcə “Gülənçi”ləri himayə edən yüksək rütbəli məmurların göstərdiyi hesablara pul köçürüblər. Sonradan həmin vəsait “Gülənçi”lərin əllərində cəmlənib. Bu məsələdə yüksək hazırlıqlı psixoloqların da əməyi var. Onlar Bakıdakı iri şirkətlərin sahibləri ilə əlaqə yaradır, onlara din adına bir sıra təlqinlərdə bulunur və onlardan zəkat adı ilə böyük məbləğlər alırlar. Bu kampaniya hər il Ramazan ayından öncə başlayır və Ramazanın sonuna qədər davam edir. Əldə etdiyimiz xəbərlərə görə, bu yolla təkcə Ramazanda bir neçə yüz min manat vəsait toplanır”.

Qaynaq bildirir ki, indiyə qədər “FAB boya”, “World Telecom”, “Mado”, “Cihan reklam”, “Modern Group”, “Absheron beton”, “Zivella”, “HB Clinica”, “Homelife mebel”, “Sahzade restoran”, “Gulluoğlu paxlava”, “Malatya pazari”, “Turk American Medical Center” kimi şirklətlərdən külli miqdarda pul yığılıb.

Bu arada Azərbaycanda “Zaman” qəzetinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı xəbərlər gəlməkdədir. Bir neçə ildir “Zaman”a abunə yazılan şirkətlər artıq abunədən rəsmi imtina etmələri ilə bağlı redaksiyaya bildirişlər göndərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol