Bayram Balcı: “Gülənin yetişdirmələri və ona rəğbət bəsləyənlər Azərbaycanda çoxsaylı bizneslərə və təhsil şirkətlərinə rəhbərlik edirlər”
Moskva Karnegi Mərkəzinin Yaxın Şərq üzrə araşdırmaçısı Bayram Balcı yazır ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın seçkidən dərhal sonra Azərbaycana səfəri Ankara və Bakı arasındakı siyasi, iqtisadi və təhlükəsizlik münasibətlərinin mühümlüyünü göstərir.
Təhlilçi vurğulayır ki, Azərbaycanı və Türkiyəni birləşdirən neft kəmərlərindən başqa iki ölkə arasında başlıca məqam regiondkı təhlükəsizliyə eyni baxışdır. Müəllifin fikrincə, Türkiyənin bütün keçmiş türkdilli sovet respublikalarını “Türk İttifaqı”nda birləşdirmək təşəbbüsünün də ən böyük dəstəkçisi Azərbaycandır.
“Bununla belə, görünür ki, Ərdoğanın səfərinə başqa bir məsələ - Fəthullah Gülən tərəfdarlarının bu balaca, lakin neftlə zəngin ölkədə geniş və uğurlu yayılması səbəb olub”, - deyə təhlilçi əlavə edir.
Balcı yazır ki, Ərdoğanın Gülənin nüfuz və qüvvəsinə qarşı mübarizəsi Türkiyə sərhədlərini çoxdan aşıb.
Azərbaycan – fəthullaçılığın vətəni
Bayram Balcının fikrincə, Azərbaycan Gülən hərəkatı üçün həmişə böyük əhəmiyyətə malik olub, çünki bu hərəkat məhz buradan başlayaraq uğurla yayılıb. Məhz burada Qafqazda və Mərkəzi Asiyadakı inkişafı fəthullahçılığı dünyanın 130 ölkəsində bərqərar olmuş ən böyük transmilli islamçı hərəkata çevirib.
Təhlilçi qeyd edir ki, Gülənin yetişdirmələri və ona rəğbət bəsləyənlər Azərbaycanda çoxsaylı bizneslərə və təhsil şirkətlərinə rəhbərlik edirlər. Müəllif 15 belə təhsil ocağının arasında Qafqaz Universiteti və 20-dək “Araz” hazırlıq məktəbələrinin mövcudluğuna diqqət çəkir.
Bundan əlavə, məqalədə qeyd olunur ki, “Zaman Azərbaycan” qəzeti, Bürc FM radiosu və müəllifin adını çəkmədiyi bir telekanal Gülən hərəkatının nəzarətindədir.
Bayram Balcının fikrincə, Azərbaycan və Türkiyə cəmiyyətləri arasındakı sıx münasibətlər iki ölkə arasındakı əlaqələrdə mühüm rol oynayan “Türkiyə-Azərbaycan Gülən icması”nın yetişməsinə imkan yaradıb.
20 ildən çox müddətdə Azərbaycanda dinamik fəaliyyətdə olan Gülən məktəbləri cəmiyyətin və dövlət qurumlarının içində mühüm mövqelər tutan yeni elitar nəsil yetişdirib.
Balcı yazır ki, Gülən hərəkatının təhsil sahəsindəki fəaliyyətinə daim dəstək vermiş Azərbaycan hakimiyyəti, bu hərəkatla hər hansı üzvi və ya siyasi əlaqələrini inkar edir və bildirir ki, hərəkat Azərbaycan üçün bir növ ilham mənbəyi olub.
Məxfiliyi hərəkatı qorxulu edir
Təhlilçi bunu da əlavə edir ki, Bakı bəzi hallarda, xüsusən də hərəkatın fəaliyyətindəki məxfilik aspekti ilə bağlı narahatlığını da dilə gətirib: “Üstəlik, Azərbaycan bir sıra başqa ölkələr kimi AKP 2002-ci ildə hakimiyyətə gələrkən Gülən və Ərdoğan arasında mövcud olmuş aşırı həmrəylikdən narahatlıq keçirib. Bir çox post-sovet elitaları bu alyansın onların ölkələrində siyasi İslamın yüksəlişinə rəvac verəcəyini düşünüb və hərəkatı bu mənada inkar edib. Gülən məktəblərinin Rusiya Federasiyasında və Türkmənistanda bağlanması, Azərbaycanda isə ciddi nəzarətə götürülməsi də bununla bağlıdır”.
Müəllif yazır ki, Gülən və Ərdoğan arasında parçalanma hərəkat üçün onun geniş yayıldığı ölkələrdə xoşagəlməz yeni fəsil açıb, çünki hərəkatın indiyədək belə uğurlu olmasını məhz bu iki şəxs arasındakı müttəfiqlik təmin edirdi.
Məqalədə deyilir ki, ötən ilin dekabrında Ərdoğan “parallel dövlətə” qarşı müharibə elan edənədək Türkiyə fəthullahçılara az qala diplomatik toxunulmazlıq vermişdi.
Azərbaycandakı Gülən qurunları bağlanacaq
Bayram Balcı yazır ki, Bakıda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə keçirdikləri mətbuat konfransında da başlıca suallar Gülən hərəkatına aid olub.
Müəllif nəticəyə gəlir ki, iki siyasətçi bu suallara yayğın cavablar versələr də, Gülən hərəkatının Azərbaycandakı “qızıl dövrü”nün sona yaxınlaşdığına kifayət qədər aydın işarə ediblər.
Bununla belə, Balcının fikrincə, hərəkatın ayağını ölkədən kəsmək o qədər də asan olmayacaq və Azərbaycan üçün insan haqları sahəsindəki baş ağrısını daha da artıracaq.
Məqalədə deyilir ki, Bakı Gülən hərəkatının nüfuzunu məhdudlaşdırmaq sahəsində artıq ilk addımlarını atıb, beynəlxalq Qafqaz Universitetinin kuratorluğu SOCAR dövlət neft şirkətinə verilib, hərəkata bağlılıqda şübhəli bilinən Prezident Administrasiyasının rəsmisi Elnur Aslanov vəzifəsindən uzaqlaşdırılıb: “Aydındır ki, Azərbaycandakı başqa Gülən qurumları da bağlanacaq”.
Azərbaycanın korrupsiyalı təhsili zərər çəkəcək
Bayram Balcının fikrincə, Gülən məktəblərinin bağlanması Azərbaycanda onsuz da keyfiyyətsiz və korrupsiyaya bulaşmış təhsil sisteminə mənfi təsir göstərə bilər. Təhlilçi düşünür ki, Azərbaycanda Gülən davamçılarına qarşı mübarizə təhlükəli ola bilər. Belə ki, hərəkata rəğbətli olanlar çox geniş miqyasda yayılıblar.
Bayram Balcı yazır ki, qisasçılıq ruhu güclü olan Ərdoğanın Azərbaycana səfərindən əsas məqsəd Bakını Gülən hərəkatının “paralel dövlət” yaratmaq təhlükəsindən agah etmək olub.
Lakin məqalədə vurğulanır ki, Azərbaycandakı nüfuz və miqyasına baxmayaraq, Gülən hərəkatının özəyi Türkiyə olaraq qalır. Müəllifin fikrincə, Azərbaycanda Gülən davamçıları Türkiyədə olduğu kimi polis və ədliyyə sisteminə nüfuz edə bilməyiblər.
Bayram Balcının qənaətinə görə, indiyədək dünyada Türkiyənin xeyriyyə və təhsil elçisi sayılan Gülən hərəkatı siyasət yoluna keçməklə öz nüfuz və etimadına ciddi ziyan vurub. (“Azadlıq” radiosu)


Şərhlər