Menu

Türkiyənin güc strukturları ciddi islahatlar ərəfəsində...

24.07.2016, 18:14
Türkiyənin güc strukturları ciddi islahatlar ərəfəsində...

Ordu və jandarma qüvvələri hökumətə tabe etdiriləcək, hərbi hissələr şəhərlərdən kənara daşınacaq

Türkiyədə qiyamdan sonra hökumət çoxsaylı təmizləmələrlə yanaşı, bir sıra islahatlara da getməyi planlaşdırır. Son məlumatlara görə, ölkədə dövlət və ictimai qurumlarda 60 min nəfərdən çox insan işdən azad edilib, onlarla QHT, fond və ya ictimai qurum, o cümlədən, 15 universitet qapadılıb.

Qeyd edək ki, son bilgilərə görə, Türkiyədə baş tutmayan uğursuz çevriliş cəhdi ilə bağlı olaraq 13 min nəfər saxlanılıb. Bunlardan 329 nəfəri polis, 8831 nəfəri hərbçi, 2100 hakim və prokuror, 52 mülki dövlət məmuru, 689 nəfər isə mülki vətəndaşlardır. Yeri gəlmişkən, həbs olunanlardan 163 nəfəri general və ya admiral hərbi rütbəsi daşıyan şəxslərdir.

Ancaq həbslərlə yanaşı, görünən odur ki, hakimiyyət bir sıra dövlət qurumlarında ciddi islahatlar aparmaqda qərarlıdır. Hazırda medianın və siyasi analitiklərin fikirlərinə görə, əsas islahatlar güc strukturlarında – ordu, polis, jandarma və kəşfiyyat orqanlarında aparılacaq.

Baş nazir Binali Yıldırım bildirib ki, Prezidentin Mühafizə Alayı tamamilə ləğv olunacaq. 300 nəfərlik heyəti olan Mühafizə Alayının 283 əməkdaşı artıq qiyamda iştirak ittihamı ilə həbs olunub.

Məlum olduğu kimi, bu alaya bağlı olan prezidentin yavərləri də qiyamda iştirakdan həbs olunublar. Mühafizə Alayının döyüşçüləri isə 15 iyul gecəsi TRT-nin Ankaradakı mərkəzi binasına gedərək, “İŞİD gəlir” iddiası ilə oranı ələ keçirib və daha sonra hərbi çevriliş bəyanatını oxutdurublar. Bundan başqa, prezidentin köməkçisini də Mühafizə Alayının hərbçiləri qaçırıblar. Qeyd edək ki, Prezidentin Mühafizə Alayı müddətli əsgərlərdən deyil, müqavilə əsasında xidmət edən hərbçilərdən təşkil olunub.

Bundan başqa, daxili işlər naziri Afkan Ala Jandarma Qüvvələrinin DİN-ə tabe etdiriləcəyini açıqlayıb. Ümumilikdə isə hazırda hökumət rəsmiləri orduda, kəşfiyyat (MİT) sistemində ciddi islahatlar aparılacağını bildirirlər. Yerli media ölkə prezidentinin MİT rəhbəri Hakan Fidanla görüşdə ona “pis imtahan verdiniz” dediyini yazır. Eyni zamanda prezident kəşfiyyat sistemində ciddi islahatlar aparılacağını, bu qurumun yenidən qurulacağını bildirib.

Ancaq ən ciddi islahatların orduda aparılması gözlənilir. İlkin müşahidəyə əsasən hakimiyyət ordunun əvvəlki kimi müstəqil qurum olmasına son qoymaq istəyir. Hazırda fikirlər fərqli olsa da, görünən odur ki, ordu Baş Qərargahının baş nazirə, Müdafiə Nazirliyinə və ya prezidentə tabe etdirilməsi təklifləri var. Baş nazir Binali Yıldırım ötən gün yerli telekanallara müsahibəsində prezidentlik sisteminə keçiddən sonra ordu Baş Qərargahını prezidentə tabe etdirməyi düşündüklərini deyib.

Baş nazir bildirib ki, ordu ilə bağlı islahatlar çərçivəsində hərbi hissələr şəhərlərdən kənara daşınacaq. Bundan başqa ilk dəflə olaraq Ali Hərbi Şura Baş Qərargahda deyil, baş nazirin Çankayadakı köşkündə toplanacaq. Eyni zamanda Binali Yıldırım daha əvvəl “Ergenekon” və “Balyoz” proseslərində həbs olunmuş zabitlərin yenidən orduya çağırılmasına ehtiyac olmadığını, Türkiyə ordusunun zabit potensialının yetərli olduğunu deyib. Qeyd edək ki, bir neçə gün əvvəl keçmişdə ordudan çıxarılmış bir neçə zabit geri çağırılıb.

Görünən odur ki, hakimiyyət artıq ordunu nəzarət altına almaq üçün bir sıra addımlar atır. Ancaq hazırda general və admirallarının yarıya qədəri həbs olunmuş Türkiyə ordusu müəyyən mənada küncə sıxışdırılsa da, ordunun siyasi islahatlara müqavimət göstərəcəyi gözləniləndir. Çünki buna qədər mövcud olan sistem ordunun hökumətə tabe olmayan, ölkə içində daxili müstəqilliyi olan bir qurum olmasını təmin edib.

Ancaq hökumət bu işdə qərarlı görünür. Üstəlik qiyamçı generalların çevriliş cəhdi indi hakimiyyətə bu planı reallaşdırmağa imkan verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol