Menu

VERGİLƏR NAZİRLİYİ “AZPOLİTİKA” İA-nı QEYDİYYATA ALMAQDAN İMTİNA EDİR - Absurd

13.04.2014, 13:24
VERGİLƏR NAZİRLİYİ “AZPOLİTİKA” İA-nı QEYDİYYATA ALMAQDAN İMTİNA EDİR - Absurd

Nazirlik hesab edir ki, informasiya agentliyinə ictimai-siyasi xarakterli ad seçilə bilməz!

Azərbaycan Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi “Azpolitika” İnformasiya Agentliyi MMC-ni qeydiyyata almaqdan imtina edir. Qurum təsisçidən (Azpolitika.info saytını rəhbəri Elnur Məhərrəmli) “Azpolitika” adından imtina etməyi və yeni ad seçməyi tələb edir. İdarənin əməkdaşı öz rəhbərliyi ilə məsləhətləşdikdən sonra öz mövqeyini belə əsaslandırıb ki, “siyasət iqtisadiyyatdan kənarda olmalıdır. Azpolitika adında isə siyasət var”!

Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə verilən müvafiq sorğuya da oxşar cavab verilib. “Azpolitika” İnformasiya Agentliyi MMC-ni təsis etmək olarmı” sualına bu mərkəzdən belə cavab verilib ki, “Azpolitika” “ictimai-siyasi xarakterli söz olduğuna” görə, bu adda MMC təsis etmək mümkün deyil.

Azpolitika.info saytının redaksiyası hesab edir ki, Vergilər Nazirliyinin bu imtinası qanunsuz və həm də məntiqsizdir. Bir informasiya agentliyinin adının ictimai-siyasi xarakterli olmasından təbii nə ola bilər? Adı üstündədir: İnformasiya agentliyi! Bir agentlik xüsusən də siyasət xəbərlərinə üstünlük verirsə, adı da siyasi xarakterli olmalıdır. Yoxsa siyasətdən yazan, əsasən siyasi xəbərlər paylaşan bir media quruluşu özünə məişət, şou-biznes, iqtisadiyyat və digər sahələrə yaxın adı necə götürsün?

Xatırlatmaq yerinə düşər ki, Azpolitika.info analitik yönümlü bir saytdır və 2 illik fəaliyyəti ərzində əsasən siyasətlə bağlı mövzuları işıqlandırıb.

Redaksiya hesab edir ki, Vergilər Nazirliyinin “Azpolitika” adına iradı qanunsuzdur və siyasi xarakterlidir. Nazirliyin məhkəməyə verilməsi məsələsi müzakirə olunur.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol