«CƏHRİ MAFİYASI»NIN BÖYÜK FIRILDAQLARI – DYP zabitinin dələduz dəstəsi və... (Araşdırma)

“AzPolitika”nın 13.07.2016-cı il tarixli sayında dərc olunmuş “DYP ZABİTİ FIRILDAQÇI VƏ BÖHTANÇI ROLUNDA!” adlı araşdırma yazısında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYP) Müşayət-Eskort Bölüyünün əməkdaşı, polis kapitanı Əliyev Cahangir Amangəldi oğlunun etibardan sui-istifadə yolu ilə başqasının külli miqdarda – 170 min manat məbləğində vəsaitini ələ keçirməsi və 2 ildən artıq müddətdə qaytarmaması haqda söhbət açmışdıq (Söhbət C.Əliyevin tanışı Rəcəb Abbasovdan 200 min manat borc alıb, bu pulun 170 min manatını mənimsəməsindən gedir).

Redaksiyamıza daxil olmuş məhkəmə sənədləri əsasında hazırladığımız bu yazının sonunda onu da qeyd etmişdik ki, Cahangir Əliyevin xalası oğlu Aləmşah Cəfərov və dayısı Aslan Şirinovun da saxtakarlıq və fırıldaq üsullarla başqalarının külli miqdarda vəsaitini ələ keçirmələri, 3 ildən artıqdır qaytarmamaları haqda redaksiyamıza materiallar daxil olub. Bu materialların təhlili, əksəriyyəti Babək rayonunun Cəhri kəndindən olan və qohumlardan ibarət bir qrupun müxtəlif üsullarla ayrı-ayrı vətəndaşların ümumilikdə bir neçə yüz min manatını ələ keçirdiyini, bu dəstə tanınmış DİN generalının – Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Həsən Şirinovun yaxınlarından – bacısı oğlanları, doğma qardaşı və digərlərindən ibarət olduğu üçün hüquq-mühafizə orqanlarının bu şəxslərə qarşı şikayətləri obyektiv araşdırmadığını, illərdir davam edən məhkəmə proseslərinin də bir nəticə vermədiyini üzə çıxarır.

MÜTƏŞƏKKİL FIRILDAQ DƏSTƏSİ KİMLƏRDƏN TƏŞKİL OLUNUB?

Bu qrupa DYP zabiti Cahangir Əliyev (Dəstənin başçısı), onun xalası oğlu, “Riyad” mühafizə xidmətinin əməkdaşı Aləmşah Cəfərov, onların dayısı Aslan Şirinov, yenə də əslən Cəhri kəndindən olan keçmiş Torpaq Komitəsinin, hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşı Samiq (Soyadını dəqiqləşdirə bilmədik-red), Suraxanı rayonu Zığ Bələdiyyəsinin keçmiş sədri Əliheydər Ağayevin oğlu Zaur Ağayev və digərləri daxildir. “AzPolitika”ya ünvanlanan konkret şikayətlərdən və əldə olan məhkəmə sənədlərindən belə görünür ki, bu dəstə etibardan sui-istifadə yolu ilə mənimsəmə ilə yanaşı, ilkin sənədi saxtalaşdırma, fırıldaq, konkret vəzifəli şəxslər və məhkəmə hakimləri ilə sövdələşmə yolu ilə Suraxanı rayonu ərazisində təxminən 2 hektar torpaq ərazisini də ələ keçirməyə cəhd göstərib. Bu torpağın bir hissəsi başqalarına satılıb, lakin qısa müddətdən sonra vətəndaşlar aldadıldıqlarını biliblər. Belə ki, uzun sürən məhkəmə çəkişmələrindən sonra onlara verilmiş mülkiyyət sənədləri məhkəmə qərarları ilə ləğv olunub, pullarını isə bugünədək geri ala bilmirlər. Suraxanı Rayon Polis İdarəsində bu saxtakarlıq və dələduzluq faktı üzrə başlanmış cinayət işinin istintaqı isə 2 ildən artıqdır ki, ölü nöqtədən tərpənmir. Halbuki, saxtakarlıq və fırıldaq sxemi tam çılpaqlığı ilə ifşa olunub.

DƏSTƏNİN BAŞI VƏ “İŞ BÖLGÜSÜ”

Əldə olunan məlumatlardan belə görünür ki, onlarla vətəndaşın yüz minlərlə manat vəsaitinin ələ keçirilməsi ilə yekunlaşmış “torpaq əməliyyatında” dəstə üzvlərinin iş bölgüsü aşağıdakı kimi olub:

- Dəstənin başbiləni və sənəd saxtalaşdırılması, Torpaq Komitəsinin vəzifəli şəxslərinin, məhkəmə hakimlərinin və digərlərinin ələ alınması üçün tələb olunan maliyyənin təminedicisi - DYP zabiti Cahangir Əliyevdir.

- Ələ keçirilməsi planlaşdırılan torpaq sahəsinin müəyyən edilməsi, sənəd saxtalaşdırılması və “qurbanların” tapılması işini onun xalası oğlu Aləmşah Cəfərov, işin Torpaq Komitəsinə aid olan qisminin həllini isə onların həmkəndlisi, Komitənin əməkdaşı Samiq öz üzərinə götürüb.

- Zığ Bələdiyyəsinin saxta sərəncamlarının əldə olunmasını isə bu bələdiyyənin keçmiş sədri Əliheydər Ağayevin oğlu Zaur Ağayev təmin edib. Ehtimala görə, o, atası bələdiyyə sədri işləyən zamandan möhür vurulmuş ağ kağızları saxlayıb, indi isə onların üzərinə sərəncamlar yazmaqla, torpaq sahələrini ələ keçirir.

MÜTƏŞƏKKİL DƏSTƏNİN “QURBANLARI”

“Cəhri mafiyasının” saxtakarlıq və fırıldaq əməllərindən zərər çəkən 4 nəfər - Məmmədov Namiq Valeh oğlu, Fərzəliyev Vahid Qüdrət oğlu, Məmmədov Vüqar Ərşad oğlu və Məmmədov Xəqani Məmməd oğlu 3 ildir ki, müxtəlif məhkəmə instansiyalarının, Suraxanı rayon Polis İdarəsinin qarşısına ayaq döyür. Dəstənin bu 4 şəxsə vurduğu zərər, təxminən 190 min dollardır (O vaxtkı kursla 140 min manatdan artıq.). Bu vətəndaşların tək “günahı” qanuni vasitələrlə fərdi yaşayış evi tikmək üçün torpaq sahələri almaq olub. Lakin torpaq sahələrini alandan az sonra məlum olub ki, fırıldağın qurbanı olublar. Belə ki, barəsində danışdığımız dəstə, saxta sənədlər əldə edərək, başqasına məxsus torpağı ələ keçirib. Belə ki, guya Zığ Bələdiyyəsinin 2002-ci il tarixli sərəncamları ilə Şirinov Aslan Kamil oğluna, Cəlilov Ruslan İzahat oğluna, Cəfərov Aləmşah Məmmədəli oğluna torpaq sahələri ayrılıb. Onlar da bu sərəncamlar əsasında qeyd olunan torpaq sahələrinə dair mülkiyyət hüququ barədə sənəd alıblar. Bu sənədlər və guya 2014-cü ildə 14 nəfərə torpaq sahəsi ayrılması barədə verilmiş bir sərəncam əsasında ələ keçirilmiş ümumilikdə 2 hektara yaxın torpaq sahəsinin (Müxtəlif şəxslərin adına sənədləşdirilib-red) 12 sotunu adıçəkilən vətəndaşlara satıblar. Lakin ilkin araşdırma zamanı məlum olub ki, guya Zığ Bələdiyyəsi tərəfindən verilmiş sənədlər saxtadır və ümumiyyətlə, ələ keçirilən ərazinin Zığ Bələdiyyəsinə aidiyyatı yoxdur. Torpaq, dövlət fonduna aiddir və Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. BŞİH isə bu torpağı hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün “Araz İnşaat” MMC-yə verib.

CİNAYƏT VAR, CƏZA YOXDUR!

Torpağın saxtakarlıq yolu ilə ələ keçirilməsi cəhdi üzə çıxdıqdan sonra faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb. Lakin müstəntiqlər bu günə qədər istintaqı yubadır, hər hansı istintaq hərəkətləri aparmır, istintaqı yekunlaşdırmır, dələduzluq yolu ilə vətəndaşların külli miqdarda vəsaitini ələ keçirən şəxsləri məsuliyyətə cəlb etmirlər. Baxmayaraq ki, sənəd saxtalaşdırma, dələduzluq, mənimsəmə kimi cinayət faktlarının baş verdiyi rəsmi məhkəmə sənədləri ilə də öz təsdiqini tapıbdır. Bütün məhkəmə instansiyaları guya Zığ Bələdiyyəsi tərəfindən verilmiş sərəncamları və onların əsasında əldə olunmuş mülkiyyət sənədlərinin ləğvi barədə qətnamələr qəbul edib.

2013-cü İLDƏ 10 İL ƏVVƏLİN SƏRƏNCAMI NECƏ ALINDI?

Saxtakarlığı və cinayəti təsdiq edən sənədlərdən biri isə xüsusilə diqqəti çəkir. Guya Zığ Bələdiyyəsinin 16 iyul 2014-cü il tarixli, 07 saylı sərəncamı əsasında sözügedən ərazidə torpaq sahibi olduğu ortaya çıxan Hüseynov Əsgər Əli oğlu (Bu şəxs də əslən Cəhri kəndindəndir-red), 28.08.2015-ci il tarixdə notarial qaydada təsdiqlətdiyi ərizəsində bildirir ki, Suraxanı rayonu ərazisində yerləşən torpaq sahəsinin ona ayrılması barədə heç vaxt Zığ Bələdiyyəsinə müraciət etməyib. Belə ki, 2013-cü ildə yaxın qohumu Samiq (Torpaq Komitəsinin əməkdaşı-red) torpaq sahəsini sənədləşdirmək üçün ondan sənədlərini alıb. Bundan sonra Samiq onun səmimiliyindən istifadə edərək, Zığ Bələdiyyəsinin sərəncamında olmayan torpaq sahəsinə dair onunla birlikdə 14 nəfərin adına qanunsuz sərəncam hazırladıb. Sərəncam və torpaq sahəsi haqda heç bir məlumatı yoxdur (Ərizənin fotosurəti aşağıda təqdim olunur.).

Saxtakarlıq, cinayət faktı “göz deşsə də”, nə işdirsə 2 ildən artıqdır bu fakta hüquq-mühafizə orqanları tərəfindən qiymət verilmir. Suraxanı RPİ-də açılan cinayət işi isə bir küncə atılıb.

Külli miqdarda pulları mənimsənilən 4 vətəndaş isə son ümid kimi pullarının fırıldaqçılardan alınaraq geri qaytarılması tələbi ilə Suraxanı rayon Məhkəməsinə üz tutublar. Sabah növbəti məhkəmə prosesi olacaq.

Mövzuya qayıdacağıq.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar