Rusiyada insanların bir-biri üçün heç bir qiyməti yoxdur
Bizim hökumətimiz xaricdən gələn qidaları qadağan edəndən və hətta onları məhv etməyə başlayandan sonra, tez-tez belə sözlər eşidirik ki, bütün mümkün kanallarla Rusiya əhalisini, yerli məhsul istehsalçılarını dəstəkləməyə çağırırlar. Amma bircə dəfə də eşitməmişəm ki, yerli məhsul istehsalçılarından, Rusiya sakinlərini dəstəkləməyi xahiş etsinlər. Axı yaranmış hazırkı vəziyyətdə bu, daha vacibdir...
Bir qədər də irəli gedək. Mərkəzi kanallarda davamlı olaraq müxtəlif məqalələr və verilişlər peyda olur ki, məsələn, rusiyalı istehsalçılar kərə yağını bitki yağından düzəldirlər (bəziləri isə onun tərkibinə donuz piyi də qatırlar ki, «dondurma testi» zamanı «çatlasın»), südün tərkibində heyvani yağ da yoxdur, bizim pendirimiz baha və pisdir (televizorlarda hətta məsləhət verirlər ki, pendirdən «şarik»lər düzəltməyə çalışın, alınsa, deməli onun tərkibində heyvani yağ yoxdur), «tvoroq» yana bilir, bizim istehsalçıların düzəltdiyi kolbasa və sosislər insan həyatı üçün təhlükəlidir, bizim konservlərin tərkibində hər şey var, təkcə etiketində elan olunandan başqa. Həm də bütün bu şübhəli «nemət»lər xeyli bahadır...
Bununla qarşılaşan İxtiyari hər kəs görür ki, hətta Rusiyanın zavodlarında istehsal olunmuş xarici markalı pivələr, şampunlar, kosmetika və yuyucu vasitələr nədənsə, keyfiyyət baxımından avropadakı analoqlarından geri qalır. Periodik olaraq, xəbərlər yayılır ki, apteklərdə böyük miqdarlarda saxta dərmanlar aşkarlanıb. Amma həmin saxta dərmanlar, ərzaq məhsulları piştaxta üstündə qalmaqda davam edir. Rusiyalıların, bütün nəzarətçi orqanlara inamı qalmayıb. Çünki onlar tez-tez elə ölkələrdən gətirilmiş məhsullarda zərərli maddələr aşkarlayılar ki, bizim hökumət həmin ölkələrin hökuməti ilə «savaşıb».
Daha «bicok» olan yerli istehsalçılar özlərini «xarici» kimi qələmə verməyə çalışırlar - özlərinin qablaşdırıcı vasitələri (tara, yarlık və s.) üzərinə yad bayraqlar və əcnəbi dildə yazılar həkk edirlər ki, diqqətsiz rusiyalı istehlakçı təsadüfən, həmin məhsulları «xarici məhsul» yerinə qəbul etsin.
Tez-tez məqalələr dərc olunur ki, müxtəlif «supermarket»lərdə insanları aldadaraq, çəki ilə onlara yararlılıq müddəti ötmüş quş və heyvan əti satırlar. Buradan açıq görsənir ki, yerli istehsalçı (satıcı), bu ağır dönəmdə nəinki rusiyalını dəstəkləmir, əksinə, öz məhsulunun keyfiyyətini daha da aşağı salır və nə qədər ki, bizim «dözümlü» xalqımızın heç bir seçim imkanı yoxdur, saxtanın istehsalını daha da genişləndirir. Belə saxtakarlıqla məşğul olmayan istehsalçılar isə qiymətləri o həddə qaldırırlar (məcburən və ya öz istəkləri ilə) ki, bu məhsulları almaq sıravi rusiyalı üçün müşkülə çevrilir.
Bir dəfə Tolyatti aeroportunda, «Lada» avtomobili istehsal edən zavodun bir işçisi ilə rastlaşdım. O, söylədi ki, zavodun işçiləri bu zavodda yığılan avtomobili xeyli ucuz qiymətə almaq imkanına malik olsalar da, bunu etmirlər. «Nə üçün» - deyə, soruşdum. O, gülərək, cavab verdi: «Axı biz, dəqiq bilirik ki, bu maşınları necə düzəldirlər...».
Belə bir deyim var: Başqalarının sənə yaxşı yanaşmasını istəyirsənsə, özün başqalarına yaxşı yanaş. Bizim situasiyaya bu prizmadan baxsaq, xeyli xoşagəlməz mənzərə ilə qarşılaşarıq. Rusiyalılar yeri istehsalçıları dəstəkləyirlər, onlara güzəştə gedirlər (məcburən olsa belə!), amma yerli istehsalçı buna uyğun «monet»lə cavab vermək, inamı doğrultmaq, onları öz yaxınına çəkmək əvəzinə, mövcud vəziyyətdən görünməmiş soyuqqanlılıqla istifadə edir və öz məhsulunun keyfiyyətini alıcıların sağlamlığına zərər vuracaq həddə qədər aşağı salır!
Bizdə əliaçıqlığı (xeyirxahlığı) və hörmətcilliyi tez-tez zəiflik, inamı isə axmaqlıq kimi qəbul edirlər. Rusiyada insanların bir-biri üçün heç bir qiyməti yoxdur, xüsusən də «istehsalçı-istehlakçı» münasibətlərində...
Avropa ərzağının qadağası artıq iki ildir ki, davam edir. Bütün bu müddət ərzində bizə ümumdünya sui-qəsdindən, terrorçuluq təhlükəsindən, bizim Suriyadakı maraqlarımızdan, Olimpiadada idmançılarımıza nə yedirtdiklərindən, Krımda vəziyyətin yaxşı və ya pis olmasından, Ukraynanın nə ilə yaşamasından söhbət açırlar. Fəqət, «nəyin xatirinə rusiyalı öz yerli (doğma!) istehsalçısının əlindən bu əzabları çəkməlidir?» sualına, ağılabatan bir izah verən yoxdur...
Vasya Oblomov, musiqiçi
P.S. Elə bil, bu Vasya Azərbaycanda oturub, gördüklərini qələmə alıb. Necə deyərlər, «alma - almaya bənzər...».
Ruscadan çevirdi: Mirzə AĞ
AzPolitika.info


Şərhlər