bank merkeziMərkəzi Bank öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirir. AMB-dən verilən məlumata görə, cari ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi çevik məzənnə rejimini tətbiq edib və bu rejim milli valyutanın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradıb.

Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bank pul siyasəti alətlərinin parametrlərinə, o cümlədən faiz dəhlizinə zəruri korreksiyalar edib.Pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün Mərkəzi Bank likvidliyin sterilizasiyası əməliyyatlarını aktivləşdirmiş, iyun ayından başlayaraq milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit əməliyyatlarına başlayıb.

Cari il və orta müddətli dövr üçün makroiqtisadi sabitlik üzrə hədəfləri, makroiqtisadi proqnozları, inflyasiya gözləntilərini, tədiyə balansı üzrə meylləri, habelə maliyyə bazarındakı konyunkturu nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini yenidən nəzərdən keçirib. Mərkəzi Bankın İdarə Heyəti 8 avqust 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9,5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

Uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədlərini daşıyır. Bu tədbir eləcə də Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq.

İndiyədək uçot dərəcəsi 7% idi. Faiz dəhlizinin yuxarı həddi 15%, aşağı həddi isə 4% təşkil edir. Mərkəzi Bank sonuncu dəfə uçot dərəcəsini  4 mart 2016-cı il tarixindən 5%-dən 7%-ə qaldırmışdı.

UÇOT DƏRƏCƏSİ NƏDİR?

Məlumat üçün "Marja" bildirir ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

İndi Mərkəzi Bankın qərarından sonra kommersiya banklarının əmanət faizlərini qaldıracağı gözlənilir.