Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycana 82,89 milyon ABŞ dolları dəyərində 2 min 456 ədəd avtomobil ixrac edib.

"AzPolitika" xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 45 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

Bu ilin ilk 6 ayı ərzində Gürcüstan xarici ölkələrə 938 milyon ABŞ dolları dəyərində 38 min 759 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 23 % və 21 % azdır.

Hesabat dövründə Gürcüstandan Qırğızıstana 412,82 milyon ABŞ dolları dəyərində 10 min 701 ədəd, Qazaxıstana 204,44 milyon ABŞ dolları dəyərində 13 min 68 ədəd, İrana 89,31 milyon ABŞ dolları dəyərində 5 min 86 ədəd, Tacikistana 49,87 milyon ABŞ dolları dəyərində 2 min 966 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.(Report)