Bəxtiyar Hacıyev barəsində cinayət işi Türkiyə vətəndaşının şikayəti əsasında görə başlanıb. Bu barədə APA-ya B.Hacıyev özü məlumat verib.

B.Hacıyev qeyd edib ki, Türkiyə vətəndaşı Nurəddin Eresin şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinə çağırılıb: “Türkiyə vətəndaşı olan Nurəddin Eres bir neçə nəfərdən, o cümlədən məndən məktəb tikintisi adı ilə borc istədi. Nurəddin Eres yanvar ayında məndən pulu alanda müəyyən sənədlər qoydu, o cümlədən də yanvar ayında pasportunu verdi. Sonra mənə məlum oldu ki, o, Bakıda “Fənərbaxça” futbol klubunun məktəbini açıb. Amma indi o və həyat yoldaşı, “Pərvanələrin rəqsi” teleserialında iştirak edən aktrisa Mətanət Əhmədova polisə mənim barəmdə şikayət edərək bildiriblər ki, pasportu, telefonları zorla əlindən alınıb və bu səbəblərə görə mənə qarşı Nərimanov rayon Polis İdarəsində cinayət işi açıblar”.

B.Hacıyev Türkiyə vətəndaşının əməlləri ilə bağlı Daxili İşlər Nazirliyinə dəfələrlə məlumat versə də, ona qarşı tədbir görülmədiyini bildirib.

Gənc fəal Nərimanov Rayon Polis İdarəsində ifadə verdikdən sonra sərbəst buraxılıb.