Dövlət İmtahan Mərkəzi buraxılış və qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaqda davam edəcək
Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətləri azaldılmayıb, əksinə, artırılıb. DİM-ə dövlət qulluğu sahəsində yeni funksiyalar verilib.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan “Report”a bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı fərmanda yer alan dəyişikliklərə əsasən aşağıda qeyd olunan məsələlər qurumun səlahiyyətlərinə daxil edilib:
-buraxılış və qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək (11 aprel 2016-cı il tarixdə təsdiq edilmiş Nizamnamədə bu, DİM-in hüquqlarına, yeni Nizamnamədə vəzifələrinə aid edilib);
-dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
- dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək, bu barədə hesabat hazırlamaq;
- dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək;
- dövlət qulluğu məsələləri üzrə beynəlxalq əməkdaşlığı həyata keçirmək;
- dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənmək;
- “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı şikayət və məlumatları qəbul etmək;
- dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparmaq;
- dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək;
- dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
- dövlət qulluğu və dövlət qulluqçularının etik davranış məsələləri barədə maarifləndirmə işini aparmaq;
- dövlət qulluqçularının reyestrini aparmaq, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatları reyestrə daxil etmək;
- dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- dövlət qulluğunda təlim tələbatını müəyyən etmək, dövlət qulluqçuları üçün təlim strategiyasını hazırlamaq və dövlət orqanlarına dövlət qulluqçularının əlavə təhsili barədə təkliflər vermək;
- rəhbər vəzifə tutan dövlət qulluqçuları, habelə ilk dəfə dövlət qulluğuna qəbul olan şəxslər üçün təlim kursları təşkil etmək.
Bunlardan başqa dövlət qulluğunun inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək, dövlət qulluğu və tələbə qəbulu məsələləri üzrə beynəlxalq və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək kimi məsələlər də DİM-in hüquqlarına əlavə edilib.
* * *
Dövlət İmtahan Mərkəzinin hüquqlarından biri ləğv edilib.
APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində əksini tapan Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Təhsil Nazirliyinə təqdim etmək hüququ ləğv edilib.
Digər dəyişikliyə əsasən, Dövlət İmtahan Mərkəzinə fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqatlar aparmaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət informasiya sistemlərindən və ehtiyatlarından, o cümlədən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən informasiya almaq və dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək hüququ verilib.
Qeyd edək ki, indiyə qədər qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparılması və nəticələrinin Prezidentə və Təhsil Nazirliyinə təqdim edilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Təhsil Nazirliyi arasında mübahisələrə, ictimai müzakirələrə səbəb olub.
TQDK-nın səlahiyyətləri Dövlət İmtahan Mərkəzinə verilib.
“Biz hansısa müzakirələrə cəlb olunuruqsa, öz fikrimizi söyləməliyik”
Bu barədə bir müddət əvvəl Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə yeni yaranmış qurumun fəaliyyətindən danışarkən bildirmişdi.
“Biz dövlət icra orqanı deyilik deyə, bizim sərbəstliyimiz bir az da artıb. Ümumi müstəvidə çıxış edəndə artıq bu hansısa icra orqanının nümayəndəsinin çıxışı kimi yox, ictimaiyyətin səsi kimi qəbul olunmalıdır” – deyə o qeyd etmişdi.

Şərhlər