Menu

Ukraynanı dağıdan rus hərbi diversantların səs yazısı yayıldı - AUDİO, STENOQRAM

15.04.2014, 16:21
Ukraynanı dağıdan rus hərbi diversantların səs yazısı yayıldı - AUDİO, STENOQRAM

Ukraynanın Təhlükəsizlik Xidməti ölkənin cənub-şərq regionlarında baş qaldıran separatizmin Rusiya tərəfindən təşkil olunduğuna və idarə edildiyinə, habelə bu regionlara Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) diversiya qruplarının yeridildiyini təsdiq edən sübutları yayıb. Virtualaz.org saytı xəbər verir ki, Təhlükəsizlik Xidməti QRU xüsusi təyinatlılarının Donetsk vilayətinin Slavyansk şəhərində Ukrayna təhlükəsizlik qüvvələrinin bölmələri ilə döyüşə girdiyini təsdiqləyən telefon danışıqlarını qeydə alıb.

“Ukrayna Təhlükəsizlik Xidmətinin əldə etdiyi materiallar sübut edir ki, ölkənin şərq hissəsində Rusiya Federasiyasının irimiqyaslı hərbi təcavüzü baş verir. Bu təcavüz Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin kəşfiyyat-diversiya qüvvələri tərəfindən həyata keçirilir” - deyə bəyanatda bildirilir.

YouTube-də yerləşdirilmiş audioyazıda subtitrlərin müşayiəti ilə QRU-nun bir neçə nümayəndəsi arasında Slavyanskda yolların bağlanmasından və Ukrayna təhlükəsizlik qüvvələri ilə atışmadan bəhs olunur.

Bundan əlavə Rusiya nömrəsindən zəng edən “Aleksandr” adlı şəxsin də danışıqları orada əksini tapır. Onlar Slavyanskda aprelin 13-də axşam keçirilən əməliyyatdan danışırlar. Həmin əməliyyatda Ukrayna Təhlükəsizlik Xidmətinin bir yüksək vəzifəli zabiti həlak olub, 5 hərbçi yaralanıb.

Məlum olub ki, QRU diversantları ilə danışan “Aleksandr” hərbçi deyil, Kremlə yaxın politoloq və piar ustası Aleksandr Borodaydır.

A.Boroday bundan əvvəl Krımın Rusiyaya birləşdirilməsi kampaniyasında əsas piar menecerlərdən olub. Onun fəaliyyəti barədə geniş məlumat yoxdur və güman olunur ki, Rusiya kəşfiyyatı ilə əlaqəli şəkildə işləyir.

“Strelok” ləqəbli QRU diversantı ilə Aleksandr arasında telefon danışıqlarının, habelə “Nos” və “Adler” ləqəbli QRU diversantları arasında olan ratsiya danışıqlarının stenoqramını təqdim edirik:

QRU diversiya qrupunun üzvləri arasında telefon danışıqları, Slavyansk. 13 aprel, 2014.

“Nos”: İndi sənə bizim Valera adlı adamımız yaxınlaşacaq. O, mülki geyimdədir. Ona PM (pulemyot) patronları verərsən, 4-5-6 paçka, əgər 5.45 varsa, 10 paçka ver.

“Adler”: PM-lərin özlərindən nə qədər lazımdır?

“Nos”: Ona 5 dənə verərsən.

“Strelok”: Alo, İvanoviç, biz burada yolu kəsmişik. Ancaq burada 5 yol var, onlar kənar yolla gedib bizim arxamıza keçə bilərlər.

“Aqat”: Onlara müşahidəçi qoymaq lazımdır.

“Strelok”: Necə müşahidəçi qoyaq? Biz burada cəmi 10 nəfərik, onlardan 7-i silahlıdır.

“Aqat”: İndi mən sizə köməyə əlavə qüvvə göndərərəm. Hansı küçədir? Hara göndərmək lazımdır?

“Strelok” yanındakı separatçı ilə küçənin adını dəqiqləşdirir: Bu küçə necə adlanır?

Cavab: “Azadlıq” küçəsi...

“Aqat”: Azadlıq küçəsi. Bəs siz orada niyə cəmi 10 nəfərsiniz? Hanı mənim döyüşçülərim? Hanı bizim bölmələr?

“Strelok”: Viktor İvanoviç, mən bilmirəm. Mən ancaq “özünümüdafiə”çiləri götürmüşəm. Mən “özünümüdafiə”çilərin qalanlarını və qərargah rəisini götürdüm.

“Aqat”: Mən səni başa düşdüm, dəstəyi yerə qoyma.

Başqa divresanta zəng edir: Alo, Paşa, sən nəzərə al, şəhərdə bizim daha bir qrupumuz var. O, geri qayıdacaq ki, onları tanımasınlar... Başa düşdün də? Daha bir qrup irəliləyə, geri çəkilə bilər. Yəni adamlarını xəbərdar et ki, dərhal atəş açmasınlar.

14 aprel, 2014. Səhər tezdən...

+79031362080 nömrəli Rusiya abonenti zəng edir: Alo, dəstəyi “Strelok”a ver.

Cavab: Kim soruşur?

Zəng edən: Aleksandr, o, tanıyır.

Cavab: İndi, bir saniyə.

“Aleksandr”: Salam, Oleq, orada sizdə vəziyyət necədir?

“Strelok”: Birinci hücumu biz dəf elədik. Onlar bizin pusquya düşdülər. Böyük itki verdilər. Bilmirik kimi deşik-deşik elədik, ancaq kimsə çox ciddi adamlar idi.

“Aleksandr”: Mən başa düşdüm. İndi qulaq as. İndi sizə Luqanskdan rota hərəkət edir. Kimin döyüş təcrübəsi varsa, onlar irəliləyir.

“Strelok”: Yaxşı, qoy gəlsinlər. Ancaq nəzərə al ki, bütün yollar bağlıdır. Onlar döyüşlə blok-postları yarıb keçməli olacaqlar.

“Aleksandr”: Bilirəm, ancaq onlar heç olmasa postlara zərbə endirəcəklər.

“Strelok”: Aha... İndi bizə informasiya lazımdır ki, kimi dəlik-deşik etmişik. Nəsə çox ciddi qrupu dəlik-deşik etmişik. Hansısa çox ciddi adamlardan ibarət qrup idi (Söhbət Ukrayna Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzinin rəhbərlərinin yer aldığı qrupdan gedir-red.). Mənim uşaqlarım sadəcə olaraq 5 üstəgələ layiq işlədilər.

“Aleksandr”: Neçə nəfər olublar?

“Strelok”: Hələ hamısı qayıtmayıb, ancaq əsas qrup itkisiz geri dönüb. Mənim uşaqlarım ratsiya ilə danışmırlar, özünüz başa düşürsünüz də niyə. Ona görə də onlarla əlaqə saxlaya bilmirəm.

“Aleksandr”: Yaxşı, mən Luqanska keçəcəyəm, oradan Luqansk qrupu ilə birlikdə sizin yanınıza gələcəyəm.

“Strelok”: Oldu, gəlin.Ancaq nəsə olsa, biz bir neçə gün döyüşə bilərik. Qoy Luqanskdan gələnlər daha çox tank əleyhinə silah gətirsinlər.

“Aleksandr”: Yaxşı.

“Strelok”: Əgər o silahlar indi bizdə olsaydı, onların hamısını “Mojayska qədər” qovardıq.

“Aleksandr”: İndi mən səni “LifeNews” kanalının birbaşa efirinə çıxarmaq istəyirəm. Zəng edib özlərini “LifeNews”un əməkdaşları kimi təqdim edəcəklər...

“Strelok” sözünü kəsir: Qulaq as, sən əminsən ki, bu, mənə lazımdır?

“Aleksandr”: Özünü təqdim etməzsən.

“Strelok”: Yox, bu, mənə lazım deyil.

“Aleksandr”: Yaxşı, müavinini götür, hansı ki, Ukrayna ləhcəsi ilə danışa bilir. Qoy o, özünü “komandir müavini” kimi təqdim etsin və orada nə baş verdiyi barədə mövqeyini formalaşdırsın. Desin ki, hər şey normaldır, biz qalib gəlmişik, onlar böyük itki verərək geri çəkiliblər, bizim itkimiz yoxdur.

“Strelok”: Oldu...

“Aleksandr”: Və tələbləri elan etsin, desin ki, biz Ukraynanın federallaşmasını tələb edirik, dərhal qubernator seçkilərinin keçirilməsini tələb edirik. Ayın 25-dən gec olmayaraq. Ona görə ki, Rada regionların səsinin üçdə ikisi olmadan xarici siyasətdə qərarlar çıxara bilməsin. Bu, prinsipial tələbdir.

“Strelok”: Oldu, o, deyilənləri eşitdi, telefonda hamısını deyəcək.

QRU diversiya qrupu komandirinin məruzəsi. 14 aprel, 2014.

“Aleksandr”ın danışdığı +79031362080 nömrəli telefonla zəng edən Rusiya abonenti, QRU diversiya qrupunun komandiri: Dəstəyi tez “Strelok”a ver, zəhmət olmasa...

“Strelok”: Salam, Konstantin Valeryeviç! Deməli, biz hücumu dəf etmişik. Düşmən böyük itki verərək bütün istiqamətlərdə geri çəkilib.

QRU komandiri: Böyük itki deyəndə təxminən nə qədər?

“Strelok”: Onlar bizim pusqumuza düşdülər. Bizim qrup onların hərəkət etdiyi VİP-klas 3 maşını güllələdi. Mühafizəçiləri də məhv etdilər, maşındakıları da. Demək olar ki, hamısını.

QRU komandiri: Aksyonova (bundan əvvəl Krımda QRU-nun dəstəyi ilə hakimiyyəti ələ keçirən “hökumət sədri”, ləqəbi “Süpürgəsaqqal”-red.) məruzə ediblər?

“Strelok”: Yox, hələ məruzə etməyiblər. Hələ onlarla rabitə əlaqəsi yarada bilməmişəm. İmkan olan kimi...

QRU komandiri: Yaxşı, onunla əlaqə yaradın. Ona zəng edin. Mən onunla sabah burada görüşəcəyəm. O, bu gün axşam uçur. Biz onunla danışacağıq, ancaq siz də çalışın ona zəng vurun, məruzə edin.

“Strelok”: Oldu, əlbəttə...

QRU komandiri: Sonra necə hərəkət edəcəyinizi özünüz bilirsiniz. Başa düşürsünüz də, hazırda bütün dünya bu coğrafi nöqtəyə baxır, ona görə də indi özünü həddən artıq ağıllı göstərməyə dəyməz.

“Strelok”: Mən başa düşdüm. Bizim tərəfimizdən heç bir mövqe tərk edilməyib. Kramatorksda da bütün mövqelər saxlanılıb. Konstantin Valeryeviç, mən dəqiqləşdirə bilərəm biz hər halda kimi vurmuşuq? Burda tamamilə fərqli informasiyalar var, gah deyirlər “Alfa” qrupu olub, gah deyirlər Ukrayna QRU-sunun xüsusi təyinatlılarıdır.

QRU komandiri: Yox, mən indi rəsmən deyə bilərəm ki, vurulan Ukrayna Antiterror Mərkəzinin rəhbəri olub.

“Strelok”: Ölüb?

QRU komandiri: Deyirlər yaralanıb. Avakov deyir yaralanıb. Beləliklə, kimi lazımsa, onu da vurmusunuz.

“Strelok”: Başa düşdüm, əla, sağ olun.

QRU komandiri: Hələ onu da deyim ki, siz bayramı yaxşı qeyd etdiniz (“Verba bazar günü”, xristianlarda Pasxa ərəfəsindəki müqəddəs gün-red.).

“Strelok”: (gülür) Çalışırıq! Sağ olun...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol