Menu

RİO DE JANEYRO NEVROZU

18.08.2016, 15:04
RİO DE JANEYRO NEVROZU

Bar verən ağac kimi başını əyib çalışmaqdansa, başı dik gəzməyin sonu

Etibar EliyevEtibar ƏLİYEV, təhsil eksperti

Qızıl medal gözləməkdən gözümüzün kökü saraldı. Dünən ümidlər Mariya Stadnikə bağlanmışdı. O da axıra 3 saniyə qalmış qızıl medalı əldən verdi. Şəxsən mən daha qızıl medal gözləmirəm.

İnsafən ölkədə idmana göstərilən qayğı digər ölkələrdən zəif deyil. İdman zəfərlərimizi də danmaq olmaz. Məsələn, 2012-ci ildə İngiltərədə keçirilən Yay Olimpiya oyunlarında idmançılarımız 2 qızıl, 2 gümüş, 6 bürünc medal qazanaraq 30-cu yeri tutdular. Rio-2016- da isə qızıl medal yoxdur və 55-ci yerdə qərarlaşmışıq. Ancaq bunların arasında keçən müddətdə isə 2015-ci il I Avropa Oyunlarında 29 qızıl, 6 gümüş, 13 bürünc qazanmışdıq. Bu aralıq və mötəbər idman yarışı idmançılarda motivasiyalar yaratmalı idi. Biz isə tərsini gördük. İndi məşqçilər də, idmançılar da melanxolik vəziyyətə düşüb. Azərbaycan idmanındakı qeyri-müəyyənliklər məşqçi və idmançı etikasından irəli gəlir. Çətini bir dəfə qələbə çalmaqdır. Sonra məşqçi də, idmançı da avtoritetə çevrilir.

Bir baxın, 29 yaşlı Yamayka sprinteri Hüseyn Bolt 2002-ci ildən yüngül atletika üzrə 17 dəfə dünya çempionu olub, 2008-ci il Pekin, 2012-ci il London, 2016-cı ildə Rio de Yaneyroda keçirilən Olimpiya oyunlarında üst-üstə 9 qızıl medal alıb.

Bu onu göstərir ki, bu adam fasiləsiz olaraq idmanla məşğul olur və fantastik nəticələrə imza atır. İndi Rio-2016-da Yamayka yığması 15-ci yeri tutur. Yüngül atletikanın hesabına. Bu onu göstərir ki, kasıb bir ölkə bütün gücünü idmanın bu növünə qoyub. İdmanın bir neçə növünü seçib, hərəsinə alayarımçıq yatırım etmək effekt verməyəcək. Azərbaycanın büdcəsinin yarısı basketbola qoyulsa da, heç nə alınmayacaq. Bu, başqalarının oyunudur. Eyni zamanda üzə bilmirik. Futbol isə əsəbdən başqa heç nə gətirməyib.

Hüseyn Bolt nümunəsində özümüzünkülərə baxaq.

Fərid Mansurov - 2004 Afina Yay Olimpiya oyunlarında qızıl medal aldı və sonra karyerası söndü.

Elnur Məmmədli - 2008 Pekin Olimpiya Oyunlarında qızıl medal qazandıqdan sonra, demək olar ki, söndü. Olimpiya çempionu məşqlərini artırmaq, gənc idmançılar yetişdirmək əvəzinə polis işçisi oldu.

Belə idmançılarımızın sayı çoxdur. Elm də belədir. Eyni mentalitetdir. 30 yaşına qədər riyaziyyat, fizika və başqa elm sahələrində doktorluq müdafiə etmişlərin çoxu elmi atdılar. Sanki cavan elmlər doktoru olmaq üçün kiminləsə mərc gəlmişdilər.

Məncə son Olimpiya Oyunları bizə xeyli dərs keçdi. İdmanın bir neçə növü üzrə idmançılar hazırlamaq lazımdır. İkincisi, məşqçi və idmançıların qarşısını ciddi tələblər qoyulmalıdır. Onların idmandan kənar başqa işlərlə məşğul olmasına qadağa qoyulmalıdır.

Yaxşı atalar misalımız var: “Ağac bar verəndə başını aşağı əyər”. Başını aşağı əymək söhbəti yoxdur. İdmançılarımız başı dik gəzirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol