Menu

HACIYEVİN SÜRÜCÜSÜNÜN ŞOK ETİRAFLARI - "Üç kartımda 18 milyon avro..."

02.09.2016, 14:40
HACIYEVİN SÜRÜCÜSÜNÜN ŞOK ETİRAFLARI - "Üç kartımda 18 milyon avro..."

Cahangir Hacıyevin sürücüsü: "Üç kartımda 18 milyon avro, 32 milyon dollar, 10 milyon manat pul olub"

Sürücünün adına 11 milyon 928 min dollar kredit götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid Kəmalə Hüseynova ifadə verib.

O, təqsirləndirilən şəxslərdən Azad Cavadovu tanıdığını, həyat yoldaşı ilə uşaqlıq dostu olduğunu deyib: "2011-ci ildə yoldaşım mənə gedib banka sənədlərə qol çəkmək lazım olduğunu dedi. Nəyə qol çəkdiyimdən xəbərsizəm. Hüquq-mühafizə orqanları məni idarəyə çağıranda bildim ki, adıma kredit var".

K.Hüseynovanın həyat yoldaşı İbrahim Hüseynov da dindirilib.

O, Ukraynada yaşadığını, Bakıya məzuniyyətə gələndə A.Cavadovun ona "sənədlərə qol çəkmək lazım olduğunu" söylədiyini bildirib.

Daha sonra C.Hacıyevin sürücüsü Aydın Mehdiyev ifadə verib. O, deyib ki, 1997-ci ildən 2008-ci ilə qədər C.Hacıyevin sürücüsü işləyib: “Sənədlərə qol çəkmək üçün mənə Mərkəzi filialın rəhbəri Anar Sultanov zəng etdi. Bu barədə Cahangir müəllimdən soruşdum. O mənə bildirdi ki, "kredit bankın biznes layhələri ilə bağlıdır, get imzala". Mən də onun dediyinə əməl etdim".

Prokurorun suallarını cavablandıran şahid A.Mehdiyev deyib ki, istintaq vaxtı onun adına 11 milyon 928 min dollar kredit götürülüb: "Bu pulların hara xərcləndiyini bilmirəm və kreditlərə görə, pul ödəməmişəm".

Prosesdə 2009-cu ilin yanvar ayından 2013-cü ilə kimi onun adına üç ədəd plastik kart götürüldüyü də məlum olub. Həmin kartlarda 18 milyon avro, 32 milyon dollar, 10 milyon manat pul olub. A.Mehdiyev həmin kartlarda xəbəri olmadığını, inidiyə kimi bir dəfə sənədlərə qol çəkdiyini deyib: "Adıma götürülən kreditlərin 80 fazi ödənilib".

C.Hacıyev isə kredilətləri sürücüsünə onun göstərişi ilə verildiyini etiraf edib: "Həmin kreditlər layihələrə xərclənib. Bütün ödəmələr və krediltərin sərf olunduğu yerlər Vergilər Nazirliyinin açdığı cinayət işində var və həmin cinayət işinə xitam verilib".

Bundan sonra hazırda Beynəlxalq Bankın İdarə Heyətinin sədrinin müşaviri vəzifəsində çalışan Emil Mustafayev ifadə verib. O, 1994-cü ildən bankda müxtəlif vəzifələrdə çalışdığını deyib: "İttihamda yer alan 157 kredit və VİP kreditlər Cahangir Hacıyevin göstərişi ilə verilib. Kreditlərin verilməsi qanunsuz olub və bununla bağlı Cahangir Hacıyev işdən çıxarıldıqdan sonra Daxili İşlər Nazirliyinə rəsmi müraciət etmişəm. Bu cür kreditlər əslində İdarə Heyətində təmsil olunan şəxslərə və ya yaxınlarına verilərkən bankın Müşahidə Şurasının yekdil qərarı ilə olmalı idi. Ancaq bu barədə həmin qərarlar olmayıb. Digər iri həcmli kreditlər də təminatla verilməli olsa da, Cahangir Hacıyevin göstərişi ilə təminatsız verilib. Həmin kreditlərin məqsədi barədə bizə məlumat verilməyib. Göstərişə əsasən yalnız rəsmiləşdirilib və filiallar üzrə göndərilib”.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol