Menu

"HƏR ŞEYİ SATACAĞIQ..."- Azad Rəhimov

05.09.2016, 19:05

azad_rahimovyujjjjjj

Nazir Şimali Koreya modeli və “Ərəb baharı”nı başladan gənclər haqda

Azərbaycanın idman və gənclər naziri Azad Rəhimov haqqın.az saytına müsahibə verib. Nazirin müsahibəsinin birinci hissəsində səsləndirdiyi heyrətamiz fikirlər haqda oxucularımıza məlumat vermişdik . İkinci hissəsini şərhsiz təqdim edirik. 

- Necə olur ki, nazirliyin əməkdaşları Olimpiya mərkəzlərinə buraxılmır?

- Dövlətin pulunun olmadığı vaxtlarda onları digər strukturlar tikirdi. Məsələn, Qubada, Şamaxıda, Qazaxda olan mərkəzlər bizim balansımızda deyil, Salyandakı kompleksi “Nurgün Motors”, Masallıdakını “Azpetrol” tikib, daha 3 obyekt Beynəlxalq Bankdadır. Bu komplekslərin nazirliyimizə verilməsi məsələsi qalxan zaman məlum oldu ki, Beynəlxalq Bank bu komplekslərin adına da kredit götürüb.

Gəncə Olimpiya kompleksi nazirliyin balansına keçib. Lənkəran kompleksi dəhşətli tərzdə tikilmişdi. Buna görə də, onu söküb yenidən tikmək lazım oldu. Bərdə və Maştağa kompleksləri də ötürülmə mərhələsindədir. Orada da işlər elə də sadə deyil. Komplekslər əl dəyişdirmişdi, biri hətta Hollandiya şirkətinə məxsus idi.

Nazirliyin tabeliyində olan komplekslərdə isə olimpiya idman növləri üzrə pulsuz idman seksiyaları fəaliyyət göstərir. Əgər öyrənsək ki, orada kimsə kimdənsə olimpiya idman növü üzrə məşğələlərə görə pul alır, həmin məşqçi və ya kompleksin rəhbəri işini itirir.

Komplekslərin illik qazancı 20-40 min manatdır. Digər işlərdə nazirlik yardım edir.

- Güləşçimiz Rəsul Çunayevin Rio Olimpiadasında erməni rəqibinə uduzması müzakirələrə səbəb oldu. Erməni idmançılarla mübarizədə qazanılan qələbələrin, yaxud məğlubiyyətlərin digərlərindən ayrılmasına necə baxırsınız?

- Bu sırf emosional andır. Bizdə çoxları uğurlarımızı qonşularımızın uğurları  ilə müqayisə etməyə can atır. Bu həmişə, hətta sovet dövründə də olub. Belə hallara digər ölkələrdə də rast gəlinir. Qonşuların qarşıdurması prinsipial xarakter daşıyır. Lakin bizdə bu həmdə torpaqlarımızın işğal altında olması ilə bağlıdır. Lakin necə olur olsun, cəmiyyətdən bunu dramatikləşdirməməyi xahiş edirəm. Bu idmandır.

- Olimpiya Oyunlarında mükafata layiq yer tutan idmançılarımıza verilən pul mükafatlarının məbləği barədə çox danışılır. Onlara bu qədər pulu vermək lazımdırmı? İdmançıya yüzlərlə min manat vermək nəyə lazımdır? Axı bu onları korlayır, çoxu idmandan gedir...

- Mükafat kimi təqdim olunan məbləğ çox ağır zəhmətə verilən qiymətdir. Sonrakı iş isə məşqçilərin və valideynlərin üzərinə düşür. Kimsə, doğrudan da, qələbədən sonra idmandan gedib, kimsə xəstələnib - Pekində bayrağımızı daşıyan Fərid Mansurovla bağlı da belə olmuşdu.

Bəs niyə Maykl Felps “özündən çıxmır”? Hər medala görə 25 min dollardan əlavə, bundan 100 dəfə çox reklam gəlirləri var. Deməli, məsələ idmançının nə qədər qazanmasında deyil, ağlından və vətəndaş mövqeyindən asılıdır.

- Növbəti Olimpiadaya hələ çox var, hələlik isə “Qarabağ” futbol klubu Bakıda Avropa Liqasının oyununu keçirməyə stadion tapmır. Dalbadal üçüncü ildir ki. Tofiq Bəhramov adına stadionun ot örtüyü avqust ayında ciddi problemlər törədir.

- Bu baş verənlər mənim üçün tapmacadır. Əvvəllər nazirliyi tənqid edirdilər. Respublika stadionunda ot örtüyünü Bolqarıstan, İngiltərə, Türkiyə mütəxəssisləri dəyişiblər. Sonuncuları “Qarabağ” özü gətirmişdi. Lakin ot yenə yanır. Və hər dəfə də bu avqust ayında baş verir. Mənə sual verirlər ki, bəs niyə BƏƏ və Küveytdə yanmır? Deməli, onların təcrübəsini öyrənmək lazımdır. Torpağı dəyişmişik, bəlkə suyumuzda nəsə var? Bəlkə hansısa infeksiyadır? Amma buna da inanmağım gəlmir. Hər necə olursa olsun, dəyişmək lazım gələcək.

- Bu yaxınlarda xəbər vermişdik ki, nazirlik Avropa Oyunları vaxtından media kəndində qalan mebelləri satır. Bu işdən nə qədər qazandınız?

- 100 min manatlıq mebel satılıb. Daha 6-7 min qazanacağıq. İslam Oyunlarında media kəndi olmayacaq, buna görə də, həmin yerləri boşaldırıq. İslam Oyunlarından sonra isə hər şeyi – qolf-karları, kompüterləri, massaj masalarını və s. satacağıq. Avropa Oyunlarından sonra anbarlarda 60 milyonluq mal qalıb. Bunların hamısı satılacaq və paylanacaq. Hələlik İslamiadada lazım olmayacaq əşyalar satılır. Çoxunu isə uşaq evlərinə, Olimpiya komplekslərinə, Olimpiya liseylərinə hədiyyə etmişik.

- Biz bayaqdan ancaq idman haqda danışırıq, yaddan çıxarırıq ki, Azad Rəhimov hə də gənclər naziridir. Belə təəsürat yaranır ki, Siz əsas diqqəti idmana ayırırsınız. Hesab etmirsiniz ki, gənclərin problemi diqqətdən kənarda qalıb? Xüsusən də gənclər arasında dini radikalizmin yayıldığı, milli təhsilin deqradasiyaya məruz qaldığı, dəyərlər sisteminin dağıldığı, ideologiya boşluğunun hökm sürdüyü bir vaxtda...

- Elə sferalar var ki, nəticə ortadadır. Məsələn, Avropa Oyunlarının uğurla keçirilməsi. Rioda mənə yaxınlaşan hər iki adamdan biri deyirdi ki, indiki Olimpiadanı Avropa Oyunları ilə müqayisə etməyə də dəyməz. Yerlə göy qədər fərq var.

İdman-medalların sayıdır və bu da ilbəil artır. Yəni nəticə var. Bu nəticə hiss olunandır. Gənclər siyasəti nədir? İldə 100 milyon xərcləmək olar və heç kim başa düşməyəcək ki, nə baş verir. Nəticəni sən görmürsən.

- Nəticə görünür.

- Müsbət, yoxsa mənfi?

- Təəsüf ki, mənfi. Gənc nəslin sifətinə baxın. Siz orada yeni millət və yeni nəsil görməyəcəksiniz. Onlar getdikcə daha çox Yaxın Şərq insanlarına oxşayırlar...

- Gənclər siyasətindən kənara çıxıb dini amil haqda danışmağı düzgün saymıram. Din insanın qəlbindədir. Demək ki, bu gün Bakıda başıörtülü qadınlar artıb, hesab edirəm ki, belə deyil.

Bəli, hansısa proses gedir və bundan qaça bilməzsən. Bu gün Azərbaycanda nazirliyin öz tədbirlərində əhatə etməli olduğu gnclərin yaşı 14-29 arasıdır. Bu, əhalinin az qala üçdə biridir, 3 milyon nəfərdir. Dünyada elə bir gənclər siyasəti modeli yoxdur ki, 3 milyonun hər bir fərdinə aid olsun. Heç bir milyona da çatmaq mümkün deyil.

Bu gün bizdə 300-dən çox QHT var. 10 il qabaq onların sayı 50-dən az idi. Mən hər ay regionlarda əhalinin qəbullarını keçirirəm. Tez-tez gənclər mənə müraciət edib QHT yaratmaq istədiklərini deyir, nazirlikdən dəstək istəyir. Gənclər Fondu da böyük rol oynayır, çoxlu sayda fiziki şəxslərə və təşkilata kömək edir. Üstəlik hər şey şəffafdır, hər qəpiyin haqq-hesabı aparılır.

- Dini aspekt problemin ancaq bir hissəsidir. İdeoloji boşluq narahatlıq doğurur...Aydındır ki, Azad Rəhimov bunu tək həll edən deyil. Bu, dövlətin məşğul olacağı problemdir. Dövlət bu ideoloji boşluğu doldurmaq üçün nə etməlidir?

- Sovet dövründə də biz ideoloji vakuumdan narazı idik. Və bu gün belə boşluğun olmadığı Şimali Koreyaya hansısa başqa nəzərlə baxırıq. İki yol var: birincisi-Şimali Koreya yoludur, daha aşağı dərəcədə Çin yoludur. İkincisi-demokratik inkişafdır və orada sən nəyisə insanlara zorla yeridə bilməzsən.

Bu gün “boz kütlə”ni birləşdirən ideologiya harada var? Orta statistik avropalı gəncin bizim gəncdən nəyi yaxşıdır? Mən gənclərimizə və onların erudiyasına inanıram.

-Məsələn, Rusiyada gənc qvardiyaçılar var. Onlar hər halda bu gün Bakının məscidlərini dolduran vəhabi gənclərdən yaxşıdır...

- Bu gün dünyada hər bir adamı maraqlandırmaq üçün nə düşünülübsə hamısından istifadə edirik. Mən nazirliyin gənclərlə iş şöbəsindən çox razıyam. Onlar kreativ gənclərdir, gecə-gündüz nəsə yeni bir şey fikirləşib tapırlar.

Bizim Youthivision layihəmizdə Kolumbiyadan olan qız iştirak etmişdi. Təkcə aviabiletə 9 min dollar xərcləmişdi, 1-ci yer üçün priz isə cəmi 3 min manat idi. Deməli biz nəsə maraqlı iş görürük ki, Kolumbiyadan gəlib bu müsabiqədə oxuyurlar.

Bir daha deyirəm ki, dünyada bilmədiyimiz vasitə, alət yoxdur. Əksinə, gəlib bizdən soruşurlar. BMT Baş katibi nəzdində Gənclər departamentinin yaradılması da bizim ideyadır. Ümumdünya gənclər forumunu da biz keçirmişik və ölkələri gənclər siyasəti haqda düşünməyə çağırmışıq. Axı “Ərəb baharı” gənclərdən başlamışdı.

Bizim model BMT üçün nümunəvidir. Onlar bizə tez-tez müraciət edir. Mən demirəm ki, bizdə hər şey idealdır, ancaq imkan çərçivəsində əlimizdən gələni edirik. Üstəlik gənclər siyasətinə ayrılan illik 5 milyon manat büdcə çərçivəsində.

-Yeri gəlmişkən, pullar haqda. Hazırda neftin ucuzlaşması ilə bağlı maliyyə vəziyyətimiz o qədər də yaxşı deyil. Bunun idmanın inkişafına təsiri varmı? Dotasiyalar azaldılacaqmı?

- Böhranın idmana ancaq infrastrukturun tikintisi məsələsində təsiri olub. Bu gün bizdə ona yaxın olimpiya kompleksinin tikintisi dondurulub. Yəqin ki, tikilməkdə olan bu obyektləri başa çatdırmaq üçün hansısa vəsaitlər ayrılacaq. Bütün qalan məsələlərdə isə ixtisar yoxdur, yeri gəlmişkən, bizə idmana ildə 9 milyon ayırırlar. Yəni bu vəsait azaldılmayıb. Federasiyalar isə ayrı məsələdir. Onları bir çox özəl şirkətlər maliyyələşdirir.

- Bəs xərclər Federasiyalar və Nazirlik arasında necə bölünür?

- Nazirlər Kabinetinin təsdiqlədiyi dəqiq tarif planı var. Nazirlik yığmaların təlim məşq toplantıları və yarışlar üçün yol xərcini ödəyir, formalar sifariş verir və s. Lakin nazirlik legionerlərə və ya məşqçilərə maaş verə bilməz. Onlar bizim ştatda deyil. Əgər tikintini nəzərə almasaq idmana bizdə ildə 60-70 milyon manat xərclənir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol