Cəlilabad rayon Göytəpə şəhər sakini Kərimova Cəmilə Abdul qızı “AzPolitika”nın elektron poçtuna göndərdiyi məktubunda oğlu Kərimov Bəhrəm Hüseynbala oğlunun günahsız olaraq həbsdə saxlandığını yazır.
B.Kərimov iki il öncə - 8 iyul 2014 -cü ildə Cəlilabad Rayon Polis Şöbəsinin və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Onunla birlikdə daha bir neçə nəfər - Qurbanov Cavid Cahangir oğlu, Mahmudov Şahin Sabiralı oğlu, İsayev Sübhan Əliyusif oğlu və Rzayev Zamiq Mirxan oğlu da saxlanılaraq, Azərbaycan Respublikası CM-in 145.2.4, 178.2.1, 178.2.4, 29, 178.2.1, 29, 178.2.2, maddələri ilə barələrində cinayət işi açılıb.
C.Kərimova yazır: “İki ildir məhkəməsi yekunlaşdırıla bilinməyən bu gənclər hələ də Kürdaxanıda həbsdə saxlanılırlar. Bu gənclərdən Kərimov Bəhrəm Hüseynbala oğlu mənim övladımdır, ali təhsillidir. Ondan şikayət edən şəxs Həsənov Xəyal Oktay oğlu isə ağıl zəifliyi diaqnozlu xəstədir. Bu barədə Cəlilabad Rayon Məhkəməsinə sənədlər təqdim etsəm də, övladım həbsdən buraxılmır. Hətta Həsənov Xəyal Oktay oğlu günahsız insanları tutdurduğunu etiraf edib, vicdan əzabı çəkdiyini deyərək, məhkəmə hakiminə məktub ünvanlasa da, övladımı buraxmırlar. Zərərçəkmiş Həsənov Xəyal Oktay oğlu məhkəməyə müraciətində bildirirdi ki, "iş üzrə təqsirləndirilən şəxs Sübhan İsayevin idarə etdiyi "VAZ-2105" markalı, 90-MF-517 dövlət nışanlı avtomobilini almaq üçün ona 3500 manat pul vermişdim. Sonradan sövdələşməmiz baş tutmadığından, mən Sübhandan verdiyim pulumu istədim. Sübhan pulumu verməyi gecikdirdiyindən onunla aramızda mübahisə oldu. Mən də Sübhanın bu əməlindən əsəbləşərək, Sübhan və dostlarından qisas almaq niyyəti ilə Cəlilabad rayon Polis İdarəsinə guya onların məni oğurlayaraq, incitdikləri barədə şikayət verdim."
Zərərçəkmiş şəxs bunu açıq şəkildə məhkəmədə deməsinə baxmayaraq, hakim buna məhəl qoymamış və iki ildir oğlumu və dostlarını həbsdə saxlayırlar”.
C.Kərimova saytımız vasitəsilə səsini müvafiq orqanlara çatdırmaq istəyir.

Şərhlər