Menu

XİN-dən Rusiyanın Ermənistana "İsgəndər" raketləri verməsinə REAKSİYA

23.09.2016, 12:45
XİN-dən Rusiyanın Ermənistana "İsgəndər" raketləri verməsinə REAKSİYA

Ermənistan paytaxtı İrəvan şəhərində müasir və dağıdıcı “İsgəndər” raketlərinin nümayiş etdirilməsi son günlərin ən çox müzakirə olunan mövzusuna çevrilib.

Məsələnin ən maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycan tərəfində müşahidə olunan ciddi narahatçılığa baxmayaraq, Rusiya rəsmiləri indiyədək məsələ ilə bağlı hər hansı formada açıqlama verməyib.

Bütün diqqətlərin XİN-in səsləndirəcəyi bəyanatlara yönəldiyi bir vaxta nazirliyin mətbuat katibi Hikmət Hacıyev Femida.az-a böyük maraq doğuracaq açıqlama verib.

xin hikmetOnun sualımıza verdiyi cavabı olduğu kimi təqdim edirik: "Hikmət Hacıyev bu məsələ ilə bağlı şərh vermir".

Sual yaranır: Görəsən, məsələ ilə bağlı münasibət öyrənmək üçün hansı dövlət qurumuna müraciət etməliyik?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu XİN-nin mətbuat katibinin verdiyi cavaba görə onu qınamadığını bildirib: "Mətbuat katibləri müdirlərinin təlimatları əsasında işləyirlər. Gərək xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın modern “İsgəndər” raketlərinin Ermənistanda necə peyda olmasına, bunun Azərbaycanda narahatlıq doğurdurğuna dair bir-iki cümləlik fikir bildirsin ki, mətbuat katibi Hikmət Hacıyev də sərbəst şəkildə jurnalistlərin bu mövzuda suallarına cavab verə bilsin.

Hikmət Hacıyev adətən bütün suallara mükəmməl Azərbaycan dilində cavab verir. Ancaq elə ki, mövzu Rusiya-Ermənistan hərbi əlaqələrinə gəlir, ya susmağa, ya da problem görməzlikdən gəlməyə üstünlük verirlər. Halbuki, nazir və ya mətbuat katibi “biz “İsgəndər” raketlərinin Rusiya və ya Ermənistana məxsus olması barədə Moskvadan açıqlama gözləyirik” kimi yumşaq cümlə də işlədə bilərdi.

Əslində mətbuat katibinin jurnalistin sualına verdiyi ”yazın ki, Hikmət Hacıyev bu məsələ ilə bağlı şərh vermir” cavabı özündə mövcud durumu əks etdirir. Rəsmilərimizin israrla bu mövzuya münasibət bildirməmələri Rusiyadan açıq-aşkar ehtiyat etməmiz anlamına gəlir və “etirazın yoxluğu” boşluğundan yararlanan Moskva Ermənistanla hərbi əməkdaşlığı genişləndirməkdə tam sərbəst hərəkət edir."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol