Menu

Nazpəri Dostəliyeva efirə qayıtdı - Özü də necə...

26.09.2016, 22:11
Nazpəri Dostəliyeva efirə qayıtdı  - Özü də necə...

Bu gün - 26 sentyabr tarixə Azərbaycanda referendum günü kimi düşdü. Lakin bu gün referendumla yanaşı bir çox maraqlı hadisələr və açıqlamalarla da yadda qaldı.

Bəli, bu gün səlahiyyəti oldu-olmadı, hər kəs açıqlama verdi. Bir neçə iri ranqlı məmurlarımız da bu gün öz "ürək sözlərini" xalqla bölüşdü. Məsələn, Milli Bankın rəhbəri Elman Rüstəmov yenə də öz ampluasında idi. Referendum günü də olsa xalqı dollar-manat məzənnəsi ilə çaş-baş salmağı bacardı. Danışdı-danışdı, axırda yadına düşəndə bildirdi ki, sən demə bu günün əsas mövzusu dollar-manat məzənnəsi yox, məhz REFERENDUM imiş...

Gələk açıqlamaları ilə günün nəbzini tutan Maliyyə nazirimiz Samir Şərifova. Şərifov da bu gün öz ürək sözlərini, ürəyindən keçənləri xalqla bolüşmə şərəfinə nail oldu. Elman Rüstəmovun son 1-2 ildəki açıqlamalarının tamamilə əksi baş verdi, haqlı olaraq da xalq arasında nüfuzuna ciddi zərbə dəymiş oldu. Samir Şərifov isə baş bankirdən fərqli olaraq, türklər demişkən, taze açıqlamalar verdi. O açıqlamalar ki, elə hər ikisi XALQIN MƏNAFEYİNƏ  zidd idi. Yəni açıq şəkildə "biz bu dəqiqə sizi düşünəcək vəziyyətdə deyilik, necə deyərlər, başınızın çarəsinə baxın" dedilər. Əksini gözləməklə də özümüzü aldatmış olardıq. Məlum oldu ki, bu böyüklükdə neft ölkəsinin xalqına ayıracaq 400 milyon vəsaiti yox imiş. Söhbət dollarla olan kreditlərdən gedir. "Xarici valyutada kreditləri olan şəxslərə dəstəyə, bu, borcalan və borcverən arasında olan münasibətlərə bağlıdır. Biz hər iki tərəf üçün, həm əmanətçi və kredit borcu olanlar üçün narahatıq, lakin biz bunlardan birinə yardım etdik, digər tərəfə yardım etmək dövlətə çətin olacaq. “Dövlət öhdəliyi öz üzərinə götürür” demək asandır. Lakin bunun üçün maliyyə imkanları olmalıdır”, – deyə nazir bildirib. Burdan da bu nəticəni çıxarmaq olar: ya həqiqətən vəziyyət pisdir, ya da ki, xalqı fikirləşən yoxdur. Nazir də belə açıqlamalar verərək, camaatın yarasının üstünə duz səpdi, özdə necə səpdi!

Gələk gecənin "sürprizinə". Sən demə bu günə hərtərəfli hazırlıq işləri gedirmiş. Belə ki, uzun müddətdir televiziya kanallarına buraxılmayan Xalq artisti Nazpəri Dostəliyeva, nəhayət ki, efir üzünə çıxdı. Bu referendum bəlkə də ən çox Nazpəri xanıma düşmüş oldu. Xalq artisti bir müddət əvvəl mətbuata verdiyi açıqlamada demişdi: “Tamaşaçılar məndən soruşurlar ki, “xalq, millət sizi istəyir, niyə efirlərdə yoxsunuz?” Deyirəm ki, gedin bunu televiziya rəhbərlərindən soruşun. Nə səbəbə görə həmin kanal rəhbərləri iki il yarımdır ki, ölkənin Xalq artistinə qadağa qoyub? Hələ özüm də bilmirəm”. Amma bu heç kimə sirr deyil ki, Nazpəri Dostəliyeva efirlərə niyə buraxılmır. Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbərin oğlunun toyunda iştirak etdiyinə görə, ölkədə fəaliyyət göstərən TV kanalları bu xanıma qapılarını bağlamışdı, ta ki bu günə qədər.

Nəhayət, Dostəliyeva efirə qayıtdı, özdə necə qayıtdı? Qonaqları salamalayan Xalq artisti, ikinci cümləsinə referendumla başladı.

Uzun müddətdir efirdən uzaq düşmüsüz, bir yerinizə çatın, özünüzə xoş gəldim deyin, toxtayın. Nə xəbərdi? İndi adama deməzlər ki, soğan yeməmisən için niyə yanır? Artist hara, bu qədər vaxtdan sonra, ikinci cümləsi ilə siyasətə qoşulmaq hara? İndi tamaşaçılar sizin haqqınızda nə düşünsün? Yəqin ki, Nazpəri xanım bunu bizdən yaxşı bilər. Bizə də xeyir-dua vermək düşər. Efirə xoş gəldiniz Nazpəri xanım!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol